Moskvada yeni mənzillərin 1 km.m-i 39 min dollara...

Rusiyanın paytaxtı Moskvada yeni tikilən yaşayış binalarında mənzillərin qiymətinə görə Yakimanka rayonu liderliyini qoruyub. Oktyabrın əvvəlinə burada mənzillərin bir kvadratmetrinin orta təklif qiyməti 3,11 milyon rubl, yaxud təxminən 38,6 min ABŞ dolları (65,6 min manat) təşkil edib.

Banker.az-a istinadla, bu barədə Rusiyanın daşınmaz əmlak bazarı üzrə ixtisaslaşmış “RBC Nedvizhimost” nəşri məlumat yayıb.

Məlumata görə, Yakimanka ardıcıl dördüncü aydır ki, Moskvanın ən bahalı yeni tikililərinin yerləşdiyi rayon olaraq qalır. Rayon iyul ayında Tverskoyu geridə qoyaraq liderliyə yüksəlib.

Analitiklər Yakimankanın liderliyini ərazidə yüksək qiymətli lüks yaşayış layihələrinin cəmləşməsi ilə izah edirlər.

Reytinqdə ikinci yeri bir kvadratmetrin orta qiyməti 2,96 milyon rubl (36,7 min dollar) olan Xamovniki, üçüncü yeri isə 2,92 milyon rubl (36,2 min dollar) göstəricisi ilə Tverskoy rayonu tutub.

Moskvanın ən bahalı yeni tikililərinin yerləşdiyi 10 rayon:

Rayon · 1 kv.m, mln rubl · ABŞ dolları

Yakimanka · 3,11 · 38 606

Xamovniki · 2,96 · 36 744

Tverskoy · 2,92 · 36 247

Arbat · 2,60 · 32 275

Meşşanski · 2,31 · 28 675

Zamoskvoreçye · 1,89 · 23 462

Taqanski · 1,70 · 21 103

Presnenski · 1,54 · 19 117

Doroqomilovo · 1,47 · 18 248

Krasnoselski · 1,44 · 17 875

Araşdırmaya əsasən, ən bahalı beş rayondan dördündə mənzillərin bir kvadratmetri 30 min dollardan yüksək qiymətə təklif olunur.

Reytinq tərtib edilərkən yalnız lüks mənzillər deyil, satışda olan bütün kateqoriyalardan yeni tikililər nəzərə alınıb. Bu səbəbdən göstəricilər faktiki alqı-satqı qiymətlərini deyil, elanlarda təqdim olunan mənzillərin orta təklif qiymətini əks etdirir.

Hesablamalarda 2 noyabr 2026-cı il tarixinə məzənnə əsas götürülüb: 1 ABŞ dolları 80,5573 rubl, 1 ABŞ dolları isə 1,70 manat təşkil edir.