Azərbaycanda elektron pul və ödəniş xidmətləri göstərən “Mobile Payment Solutions” MMC-yə (“Portmanat”) qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar təshih tədbirləri tətbiq edilib.
Azərbaycan Mərkəzi Bankının 2026-cı ilin oktyabr ayına dair məlumatına əsasən, şirkətdə aparılan yerində yoxlama zamanı bir sıra qanunvericilik və normativ aktların tələblərinin pozulması halları aşkarlanıb.
Bununla əlaqədar Mərkəzi Bank tərəfindən “Mobile Payment Solutions” MMC-yə mövcud çatışmazlıqların aradan qaldırılması üçün icrası məcburi olan göstərişlər verilib. Qərar “Mərkəzi Bank haqqında” Qanunun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun 63.1-ci maddələrinə əsaslanır.
Qeyd edək ki, “Portmanat” daha əvvəl də Mərkəzi Bankın nəzarət tədbirləri ilə üzləşib. Belə ki, 2025-ci ilin sentyabrında ödəniş agentləri vasitəsilə qanunvericilikdə nəzərdə tutulan qeydiyyat olmadan xidmətlərin göstərilməsi ilə əlaqədar şirkətə həmin xidmətlərin dərhal dayandırılması barədə məcburi göstəriş verilmişdi.
Həmin ilin noyabrında isə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun 9.2-ci və 9.3-cü maddələrinin tələblərinin pozulmasına görə şirkətin vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 439-2.1.1-ci maddəsinə əsasən 2 min manat cərimə edilmişdi.
“Mobile Payment Solutions” MMC 8 iyul 2024-cü ildə Mərkəzi Bankdan elektron pul təşkilatı kimi fəaliyyət göstərmək üçün EPT-005 nömrəli lisenziya alıb. “Portmanat” əmtəə nişanı altında fəaliyyət göstərən şirkət elektron pul emissiyası, ödəniş əməliyyatları və ekvayrinq xidmətləri göstərir. Şirkətin direktoru Vüsal Həsənovdur.