Azərbaycanda 2026-cı ilin ilk doqquz ayında ləğv edilən müəssisə və təşkilatların sayı kəskin artıb, yeni yaradılanların sayı isə azalıb.
Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən, 2026-cı ilin yanvar–sentyabr aylarında ölkədə 10 247 yeni statistik vahid yaradılıb. Bu, ötən ilin eyni dövründə qeydə alınmış 11 067 vahidlə müqayisədə 820 vahid və ya 7,4% azdır.
Eyni zamanda, hesabat dövründə ləğv edilən statistik vahidlərin sayı 549-dan 1 032-yə yüksəlib. Beləliklə, ləğvetmələrin sayı bir ildə 483 vahid və ya 88% artıb.
Ləğvetmələrdə əsas artım bələdiyyə mülkiyyətli qurumların payına düşüb.
Belə ki, 2025-ci ilin ilk doqquz ayında 95 bələdiyyə mülkiyyətli statistik vahid ləğv edildiyi halda, 2026-cı ilin eyni dövründə bu göstərici 633-ə yüksəlib. Bu rəqəmlərə bələdiyyələrin özləri də daxildir.
Özəl mülkiyyətli müəssisələrin ləğvi isə əksinə, azalıb. Ötən ilin yanvar–sentyabr aylarında 296 özəl müəssisə ləğv edildiyi halda, cari ilin eyni dövründə onların sayı 254 olub.
Yeni yaradılmış müəssisələrin böyük hissəsi də özəl sektora aiddir. Belə ki, 2026-cı ilin yanvar–sentyabr aylarında 10 167 xüsusi mülkiyyətli statistik vahid yaradılıb. Onların 1 046-sı tam xarici investisiyalı, 119-u isə birgə müəssisələr olub.
Ümumilikdə, 2026-cı il oktyabrın 1-nə Azərbaycanda qeydiyyatda olan statistik vahidlərin sayı 235 858-ə çatıb. Ötən ilin eyni tarixində bu göstərici 223 223 təşkil edirdi. Beləliklə, onların ümumi sayı bir ildə 12 635 vahid və ya 5,7% artıb.
Qeyd edək ki, statistik göstəricilər fərdi sahibkarları əhatə etmir.