Avropada Azərbaycana qarşı fəaliyyətlə məşğul olan “mühacirlər”in “Azərbaycan siyasi mühacirlərinin və mühacir medianın birinci ümumavropa Konqresi” fiaskoya uğrayıb. Tədbir sentyabrın sonunda Qənimət Zahidin rəhbərlik etdiyi “Azərbaycan Naminə Demokratiya” və “Azərbaycanlı Siyasi Mühacirlərin Koordinasiya Mərkəzi”nin (ASİMKOM) iştirakı ilə Strasburda keçirilib. Tədbirdən öncə Qənimət Zahid başda olmaqla özlərini “siyasi mühacir” adlandıranlar böyük səs-küy yaratmışdı, sanki bütün Avropanın əsas gündəmi onların keçirdiyi toplantıdan ibarətdir. Lakin “konqres” əvvəlki tədbirlər kimi mənasız və uğursuz olub.
Təşkilatçıların tədbir haqqında bir neçə paylaşımla kifayətlənmələri də bunu təsdiq edir.
Tədbirdə iştirak etmiş şəxslərdən birinin Publika.az-a verdiyi məlumata görə, “konqres”lə bağlı yaradılmış səs-küy xarici maliyyə mənbələrinin axtarışı məqsədi daşıyırmış.
Mənbəmizin sözlərinə görə, Qənimət Zahid və ətrafındakıları məyus edən əsas məqamlardan biri dəvət edilən xarici qonaqların əksəriyyətinin “konqresi” boykot etməsi olub.
“Almaniyanın Fridrix Ebert Fondunun üzvlərinə, Sosial Demokrat Partiyasının deputatlarına, AŞPA parlamentarilərinə və müxtəlif beynəlxalq təşkilatlara dəvətlər göndərilsə də, Qərb siyasətçilərindən, demək olar ki, heç kim tədbirə qatılmadı”, - mənbə deyir.
Konqres “ümumavropa” adlandırılsa da, ASİMKOM-dan başqa heç bir mühacir təşkilat da tədbirdə təmsil olunmayıb. İştirakçılar əsasən Avropadakı müəyyən siyasi və dini fəallar, mühacir mediadan isə yalnız “Meydan TV”, “Turan TV” orada olub. Bir də “Amerikanın Səsi”nin əməkdaşları tədbirə qatılıblar.
Tədbirdə iştirak edən bir neçə xarici “qonağın” isə ermənipərəst olmaları da diqqət çəkib. “Konqresdə” iştirak etmiş Böyük Britaniya vətəndaşı Benedik Rocers onlardan biridir.
B.Rocers Qarabağ mövzusunda Ermənistanın mövqeyini açıq şəkildə müdafiə etməyi ilə tanınıb. Qatı ermənipərəst olan Baronessa Koksla birlikdə 1994-cü ildə Qarabağa qanunsuz səfərlər edib, yazılarında Qarabağı “erməni anklavı”, “qədim erməni torpağı” kimi göstərib. B.Rocers hələ də Qarabağa qanunsuz səfərinin nostalgiyasını yaşayır. O, sosial media səhifəsində 32 il əvvəl “Dağlıq Qarabağa” səfərini xüsusi şövqlə xatırladır və “Ermənistan və Dağlıq Qarabağ naminə gördüyü işlərə görə Baronessa Karolina Koksa ehtiramını” bildirir.
Bunun Qənimət Zahid və “şefi” Əli Kərimli üçün fərqi varmı? Görünən odur ki, xeyr. Q.Zahidlə birlikdə Əli Kərimlinin Avropada yaşayan öladlarının mütəmati olaraq, ermənipərəst siyasətçilərlə poz verməsi də bunu deməyə əsas verir.
Misal üçün, sentyabrın sonunda AXCP sədri Əli Kərimlinin qızı Sezən Kərimli B.Rocerslə görüşərək, ondan “atasının saxlanma şəraiti” ilə maraqlanmağı xahiş edib. Ə.Kərimlinin sosial media səhifələrində bununa bağlı “sevincək” xəbər də yayılmışdı. “Əli Kərimlinin azadlığı üçün daha bir beynəlxalq çağırış” başlığı ilə yayılan xəbərdə deyilirdi ki, “Britaniyalı məşhur hüquq müdafiəçisi, ictimai fəal və yazıçı Benedict Rocers AXCP sədri Əli Kərimlini dərhal azad etməyə çağırış yayıb”.
Əli Kərimli də, övladı da B.Rocersin əslində kim olduğunu, Qarabağın işğalı məqsədilə lobbi fəaliyyətlərini də yaxşı bilir, lakin onlar üçün siyasi ambisiyaları daha əhəmiyyətlidir. Əli Kərimlinin oğlu Türkelin də ermənipərəstlərlə macəraları çox olub.
Türkel Kərimli bu ilin yazında radikal ermənipərəst mövqeyi ilə seçilən Amerika Erməni Milli Komitəsinin (ANCA) fəal dəstəkçilərindən olan senator Piter Velçlə görüşüb, ondan atasına dəstək istəmişdi. Türkel Kərimlinin Piter Velçin ANCA-nın fəallarından olması o qədər də maraqlı deyil. Axı o, 2016-cı ildə ABŞ-da separatçı Bako Sakyanın oğlu Arme Saakyanla eyni tədbirdə Azərbaycanın əleyhinə birgə çıxış etmişdi. Həmin vaxt Qarabağ hələ işğalda idi, Əli Kərimlinin oğlu da işğalçılarla birləşərək, Azərbaycana qarşı çıxırdı. Bu baxımdan, Əli Kərimlinin övladlarının ermənipərəst siyasətçilərlə təmasları təəccüblü deyil. Necə deyərlər, “ot öz kökü üstündə bitər”.
Əslində, Ə.Kərimlinin və övladlarının ABŞ Konqresində açıq-aşkar ermənipərəst və anti-Azərbaycan qətnamələrinə səs verən senatorlarla ittifaqdan belə çəkinmədiyini nəzərə alsaq, Q.Zahidin tədbirində digər ermənipərəst B.Rocersin peyda olması təsadüfi deyil. Görünür, Əli Kərimlinin övladlarının və Qənimət Zahidin də yer aldığı Avropadakı komandası siyasi ambisiyaları naminə ermənipərəst siyasətçilərlə açıq şəkildə işləyir.
“Ümumavropa Konqresi”nin məqsədinə gəlincə, burada maraqlı detallar var. Mənbəmiz bildirir ki, uzun illərdir müxtəlif xarici mənbələrdən ayrılan pullar hesabına özünə Fransada “yeni həyat” qurmuş Qənimət Zahid hazırda ciddi maliyyə problemləri ilə üzləşib. İndiyə qədər xarici havadarlardan alınan vəsaitləri şəxsi məqsədlərinə xərclədiyi üçün bir çox maliyyə qaynaqları kəsilib. Buna görə Qənimət Zahid və ətrafındakılar yeni qrantlar əldə etmək məqsədilə təcili “siyasi fəallıq imitasiyası” yaratmağa çalışır. Məlumata görə, təcili pul axtarışına çıxan Qənimət Zahid ABŞ-da fəaliyyət göstərən NED (National Endowment for Democracy) təşkilatına yeni qrant üçün müraciət edib. Fondlara hesabat vermək və “canlılıq” görüntüsü yaratmaq üçün isə bu növ aktivlik imitasiyasına ehtiyac duyulur. Mənbəmiz onu da qeyd edib ki, tədbir zanmanı bu planın davamı olaraq, yaxın gələcəkdə Fuad Qəhrəmanlının da iştirakı ilə Parisdə növbəti etiraz aksiyalarının keçirilməsi müzakirə edilib.
Göründüyü kimi, “ümumavropa konqresi”nin məqsədi erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul qoparmaq olub. Buna nail olmaq üçün anti-Azərbaycan fəaliyyətlərini genişləndirməyi planlaşdırırlar.