Hörmətli cənab Prezident!
Sizi dərin ehtiramla salamlayıram.
Hər bir insanın həyatında arzular olur. Elə arzular da var ki, ağır mənəvi inciklikdən yaranır. İnsan onları heç kimə söyləmədən qəlbinin dərinliyində yaşadır və bir gün o mənəvi sevinci yaşayacağına inanır.
Mən bu mənəvi sevinci yaşadım və bunun səbəbkarı Sizsiniz, Müzəffər Ali Baş Komandan!
Son altı il ərzində məni dərindən narahat edən, qəlbimdə ağır iz buraxan iki mövzu olub. Birincisi, Sizin rəhbərliyinizlə xalqımızın və ordumuzun qazandığı tarixi Zəfərdə başqalarının özünə pay çıxarması, bu Qələbəni öz adına yazmaq cəhdləri, öz vəsaitimiz hesabına alınmış silahların yardım kimi təqdim olunması idi. İkincisi isə 2024-cü ildə Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü ilə bağlı bəzi məqamlar idi. Bir vətəndaş və Türk Dövlətləri Təşkilatında çalışmış bir şəxs kimi bunlar məndə dərin narahatlıq doğururdu. Həmişə arzulayırdım elə bir addım atılsın ki, bu ağırlıq qəlbimdən birdəfəlik çəkilsin.
Bu addım 2026-cı il oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VIII Qurultayında atıldı. Çıxışınızda Zəfəri xalqımızın və dövlətimizin təkbaşına qazandığı, Azərbaycanın öz gücünə arxalanaraq istənilən məqsədə çatmağa qadir olduğu barədə səslənən bəyanatlar illərin ağırlığını qəlbimdən götürdü. İkinci məqama gəlincə isə...
Bu ay Azərbaycan həm də gözəl və uğurlu bir idman bayramı yaşadı: ölkəmiz tarixdə ilk dəfə keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibliyi etdi. Bu mötəbər tədbirin rahat, təhlükəsiz şəraitdə və yüksək səviyyədə başa çatmasının əsas səbəblərindən biri məhz Sizin uzaqgörən idarəçiliyiniz və uğurlu diplomatik siyasətinizdir.
Müzəffər Ali Baş Komandan, hər şey üçün Sizə sonsuz minnətdaram. Həqiqətən də sözlə ifadə etmək mümkün olmayan ən gözəl duyğu Vətənə duyulan qürurdan doğan sevincdir. Mənə bu mənəvi sevinci yaşatdığınız üçün Sizə təşəkkür edirəm. Bu sevinc ömür boyu mənimlə qalacaq: o, mənə yeni güc və motivasiya verib, Vətən sevgimi, dövlətimizə və Sizə olan sədaqətimi daha da möhkəmləndirib.
Bu sətirləri yalnız qəlbimdən keçən hissləri Sizə çatdırmaq üçün qələmə aldım. Sizə bir daha ehtiramımı və səmimi minnətdarlığımı bildirirəm. Azərbaycan vətəndaşı olaraq əminliklə ifadə etmək istəyirəm ki, qəbul etdiyiniz bütün qərarları və atdığınız addımları dəstəkləyirik, sonadək yanınızdayıq.
Sizə möhkəm cansağlığı və Azərbaycan dövlətinin gələcəyi naminə şərəfli fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
Dərin ehtiramla,
Elay Pənahlı,
Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.