Bakı, 2 noyabr, AZƏRTAC“Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzində alimlərin və QHT təmsilçilərinin iştirakı ilə “Azərbaycançılıq milli məfkurəmizdir” mövzusunda ictimai müzakirə-seminar təşkil edilib.Bu barədə AZƏRTAC-a AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan bildirilib. Tədbiri açan “Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzinin sədri filologiya üzrə fəlsəfə doktoru Orxan İsayev ilk ictimai müzakirədə “Azərbaycançılıq milli məfkurəmizdir” mövzusunun seçilməsinin təsadüfi olmadığını deyib. O, Azərbaycan xalqının etnogenezində və xalqın formalaşmasında önəmli rol oynamış türkman tayfalarının irsini öyrənən bir mərkəzdə alimlər və vətəndaş cəmiyyətinin nümayəndələri ilə belə bir müzakirənin təşkilinin faydalı olacağına inamını ifadə edib. Orxan İsayev qeyd edib ki, xalqın formalaşması prosesini öyrənmədən azərbaycançılıq məfkurəsini anlamaq mümkün deyil. XIX əsrdə Cəmaləddin Əfqani yaradıcılığında rüşeymləri sezilən, Əli bəy Hüseynzadə ilə ideologiya səviyyəsinə qalxan, Məhəmməd Əmin Rəsulzadə ilə siyasi müstəviyə yüksələn, sovet hakimiyyəti illərində Ümummilli Lider Heydər Əliyevlə xalqın milli-mənəvi dəyərlərinin, etnik kimliyinin mühafizəsinə çevrilən və bu gün Prezident İlham Əliyevin daxili və xarici siyasətinin ana xəttini təşkil edən azərbaycançılıq məfkurəsi cəmiyyəti yad ünsürlərdən qoruyan ən önəmli vasitədir. Orxan İsayevin sözlərinə görə Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında səsləndirdiyi “ideoloji risklər fiziki risklər qədər təhlükəlidir” fikri bizim azərbaycançılıq məfkurəsinə nə qədər bağlı qalmalı olduğumuzu bir daha göstərir.Daha sonra Ədəbiyyat İnstitutunun əməkdaşları - Abid Tahirli, Şahbaz Musayev və Esmira Fuad, Tarix və Etnologiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Mübariz Ağalarlı, Şərqşünaslıq İnstitutunun direktor müavini fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev, Folklor İnstitutun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Səkinə Qaybalıyeva, “Elm və həyat” jurnalının məsul katibi Sərvan Kərimov, Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru Məhəmməd Cəbrayılov, Azərbaycan Dövlət Televiziyasının əməkdaşı Almaz Mahmud, Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı Əminə Məmmədova, “Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzinin əməkdaşı Şəfəq Ağalarlı çıxış edərək mövzu ilə bağlı öz fikirlərini bildiriblər.