Emil Məsimov “Yüksəliş” müsabiqəsinin qalibi ilə növbəti görüşünü keçirib

Azerconnect Group-un baş direktoru Emil Məsimov Mentorluq Proqramı çərçivəsində beşinci “Yüksəliş” müsabiqəsinin qalibi Məmməd Həsənovla növbəti görüşü keçirib.

Görüşdə fərdi inkişaf planı üzrə əldə olunan nəticələr, qarşıya qoyulmuş hədəflər və növbəti mərhələnin prioritetləri nəzərdən keçirilib. Eyni zamanda, çoxşaxəli biznes ekosisteminin xüsusiyyətləri, biznesdə transformasiya yanaşmaları və kapital bazarlarının fəaliyyəti ətrafında fikir mübadiləsi aparılıb.

Emil Məsimov idarəetmə sahəsindəki təcrübəsini bölüşərək mentiyə strateji düşüncə, səlahiyyətlərin düzgün bölüşdürülməsi və komandanın effektiv idarəolunması ilə bağlı praktiki tövsiyələr verib.

“Yüksəliş” müsabiqəsi haqqında

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb.

Azerconnect Group haqqında

Yüksək texnologiyalar sahəsində özəl sektorun ən böyük təmsilçisi olan Azerconnect Group 9 şirkəti özündə birləşdirməklə mobil, internet, beynəlxalq kanalların təşkili, FinTech, AdTech, Media/TV sahələrində 6 milyona yaxın müştəriyə rəqəmsal xidmətlər təqdim edir. 4000-dən çox mütəxəssisin çalışdığı Azerconnect Group Azərbaycanın ən böyük işəgötürən şirkətlərindən biridir.

Azerconnect Group müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.