“Trampın İrana nüvə həmləsi Ağ Evi iflic edə bilər” — Təhlil

“Nüvə zərbəsi Amerikanın özünə böyük zərbə vura bilər”

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Rəşad Bayramov bildirib.

Politoloq Netanyahu və Trampın İrana nüvə zərbəsi endirməsini müzakirə etmələrini böyük yanlışlıq adlandırıb:

“Əslində, Trampın İranla bağlı sərt ritorikası və hərbi variantı daim gündəmdə saxlaması Karlsonun ehtimalının müzakirəsinə şərait yaradır. ABŞ prezidenti son açıqlamalarında İranın qalan nüvə obyektlərinə zərbə endirmək imkanlarının olduğunu bildirib. Bununla belə, nüvə silahından istifadə ilə adi hərbi vasitələrlə zərbə endirilməsi arasında prinsipial fərq var. Nüvə silahından istifadə təkcə İranla müharibənin genişlənməsi deyil, bütövlükdə beynəlxalq təhlükəsizlik sisteminin ciddi sarsılması demək olardı. Məhz bu səbəbdən Tramp administrasiyasının belə bir addıma razılıq verməsi Vaşinqtonun strateji maraqları baxımından ciddi suallar doğurur. Bilirik ki, ABŞ nüvə silahından istifadə etmiş bir dövlətdir, lakin 1945-ci ildən sonra yenidən nüvə silahına əl atmaq beynəlxalq münasibətlərdə son dərəcə təhlükəli presedent yarada bilər. Bu, digər nüvə dövlətlərinin də öz təhlükəsizlik doktrinalarına yenidən baxmasına, qlobal silahlanma yarışının sürətlənməsinə səbəb ola bilər. Mən hələ Rusiyanın da ABŞ-dən nümunə götürərək Ukraynaya nüvə zərbəsi endirməsindən danışmıram”.

R. Bayramov hesab edir ki, bu addım həm İranda, həm də beynəlxalq müstəvidə təbiətə ciddi zərbə vura bilər:

“Digər tərəfdən, nüvə zərbəsinin nəticələri İran ərazisi ilə məhdudlaşmayacaq. Radioaktiv çirklənmə, ətraf ölkələrə mümkün təsirlər, Fars körfəzinin ekoloji təhlükəsizliyi və enerji infrastrukturunun zərər görməsi region üçün uzunmüddətli böhran yarada bilər. İranın cavab tədbirləri isə ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarını, İsraili və Körfəz ölkələrini daha geniş münaqişənin iştirakçısına çevirə bilər. Belə bir ssenarinin iqtisadi nəticələri də qlobal enerji bazarlarına ciddi təsir göstərərdi. Burada diqqət çəkən digər məqam Tramp administrasiyasının daxilində diplomatik həll variantının da müzakirə olunmasıdır. Elə Karlsonun özünün də iddiasına görə, vitse-prezident Cey Di Vens və xüsusi nümayəndə Stiven Uitkoff İranla razılaşmanın mümkün olduğunu düşünürlər. Bundan başqa, Tramp oktyabrın 16-da Newsmax-a müsahibəsində özü də İrana qarşı nüvə silahından istifadəni istisna edib. Bu açıqlama nüvə zərbəsi ehtimalının qiymətləndirilməsində nəzərə alınmalı mühüm faktdır. Bütün bunları nəzərə alaraq, Trampın İrana nüvə zərbəsi endirilməsinə razılıq verəcəyi inandırıcı görünmür. ABŞ-nin İranın nüvə obyektlərinə qarşı hərbi əməliyyatları bərpa etməsi ehtimalını nüvə silahından istifadə ssenarisi ilə eyniləşdirmək də düzgün olmazdı. Vaşinqton üçün daha məhdud hərbi vasitələrdən istifadə və paralel olaraq diplomatik təzyiq mexanizmlərini saxlamaq fərqli seçimlərdir. Tamamilə razıyam ki, Trampın gözlənilməz qərarlar qəbul edə bilməsi amilini nəzərdən qaçırmaq olmaz. Lakin nüvə silahından istifadə adi hərbi qərar deyil və onun nəticələri ABŞ-nin özünün də təhlükəsizlik maraqlarına ciddi zərbə vura bilər. Bu səbəbdən Vaşinqtonun belə bir addımdan çəkinəcəyini düşünürəm”.