İrana nüvə zərbəsi endirilə bilər

ABŞ və İran arasında gərginlik yeni və təhlükəli mərhələyə qədəm qoyur. ABŞ-li jurnalist Taker Karlsonun səsləndirdiyi iddia beynəlxalq gündəmdə ciddi narahatlıq yaradıb. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunun təzyiqi ilə İrana nüvə zərbəsi endirmək qərarı verə bilər.

Xarici mediaya istinadən, Karlson sosial şəbəkə hesabında paylaşdığı açıqlamada mümkün hücumun yaxın günlərdə baş verə biləcəyini və Trampın yekun qərarını noyabrın 7-dək verəcəyini iddia edib. Jurnalist hücumun hədəfinin İranın mərkəzində yerləşən, yeraltı tunellərdən ibarət Kazma dağı nüvə obyekti olacağını bildirib.

Karlsonun iddiasına görə, İsrail kəşfiyyatı həmin ərazidə uranın zənginləşdirilməsi fəaliyyətinin yenidən başladığını düşünür. O, obyektin təxminən 90 metr qalınlığında qranit təbəqənin altında yerləşdiyini və ənənəvi silahlarla məhv edilməsinin çətin olduğunu irəli sürüb.

Jurnalist həmçinin Netanyahunun Trampa mütəmadi zəng edərək hərbi əməliyyata razılıq verməsi üçün təzyiq göstərdiyini iddia edib. Onun fikrincə, İsrail liderinin ölkəsindəki siyasi vəziyyəti və hakimiyyətini qorumaq istəyi də bu prosesdə rol oynayır.

Diqqətçəkən məqam isə Trampın İranla bağlı son açıqlamasıdır. ABŞ prezidenti danışıqların davam etdiyini bildirsə də, ölkədəki bəzi nüvə obyektlərinin hələ də diqqət mərkəzində olduğunu söyləyib. İndi beynəlxalq ictimaiyyət noyabrın 7-dək Vaşinqtondan gələcək qərarı gözləyir.