Kriştiano Ronaldo “Bütün dövrlərin Qızıl topu”nu qazandı!

Futbol tarixinin ən yaxşı bombardiri və “Qızıl top”un beşqat qalibi Kriştiano Ronaldo daha bir mühüm mükafat qazanıb.

Məlum olduğu kimi, bugünlərdə Harri Keyn 2026-cı ilin ən yaxşı futbolçusu seçilərək “Qızıl top”un qalibi oldu. “Frans Futbol” bu dəfə mükafatın 70 illik yubileyi ilə bağlı öz saytında qeyri-adi bir sorğu keçirib. Futbolsevərlərə B.O.A.T. (Ballon D`or Of All Time), yəni “Bütün dövrlərin Qızıl topu”nun sahibini seçmək təklif olunub. Özü də sorğu pullu olub!

Sorğuda iştirak edən hər futbolsevər 1 avro ödəməliydi. Qalib “Qızıl top”u ən azı iki dəfə qazanmış isimlər arasından seçilib. Söhbət Lionel Messi, Kriştiano Ronaldo, Marko van Basten, Mişel Platini, Karl-Haynts Rummenigge, Kevin Kiqan, Frants Bekkenbauer, Yohan Kroyff, Alfredo Di Stefano və braziliyalı Ronaldodan gedir.

Sorğuda Kriştianonun 2008-ci ildə qazandığı “Qızıl top” qalib gəlib. Başqa sözlə desək, portuqaliyalının həmin ildəki versiyası “Qızıl top”u ən azı iki dəfə qazanan futbolçular arasında ən güclü seçilib. Onun həmin ildəki mükafatı 75 faiz səs toplayıb. Ronaldo həmin il “Mançester Yunayted”lə premyer-liqanın və Çempionlar Liqasının qalibi olmuşdu. Eləcə də karyerasının ilk “Qızıl top”unu qazanmışdı.

Maraqlıdı ki, səsvermədə ilk “10-luğ”a yalnız Ronaldo ilə Messi düşüb.

1. Kriştiano Ronaldo (2008)

2. Lionel Messi (2012)

3. Kriştiano Ronaldo (2017)

4. Lionel Messi (2023)

5. Kriştiano Ronaldo (2016)

6. Kriştiano Ronaldo (2014)

7. Lionel Messi (2015)

8. Kriştiano Ronaldo (2013)

9. Lionel Messi (2011)

10. Lionel Messi (2009)

Digər futbolçulardan ən yüksək pilləni braziliyalı Ronaldo tutub. “Sambaçı”nın 2002-ci ildəki uğuru 13-cü pilləyə layiq görülüb. Təbii ki, Kriştiano səsvermənin nəticəsinə biganə qalmayıb. O, “x” səhifəsində “futbol fanatlara məxsusdu! Bütün dünyadakı fanatlara təşəkkür edirəm. “Bütün dövrlərin Qızıl topu” da sizin mükafatınızdı” sözlərini yazıb.

Ronaldonu ən yaxın dostlarından olan britaniyalı aparıcı Pirs Morqan da sosial şəbəkədə təbrik edib.