65 yaşlı sabiq vitse-prezident meydana girib qol vurdu

Cənubi Amerikanın Surinam dövlətinin sabiq vitse-prezidenti Ronni Brunsveyk 65 yaşında ölkənin yüksək liqasında qol vurub.

“İnter Moengotapoe” klubunun sahibi olan Brunsveyk komandasının heyətinə özünü daxil edərək “Politie Voetbal Vrienden”lə qarşılaşmada meydana çıxıb.

Görüş onun klubunun 5:0 hesablı qələbəsilə başa çatıb.

İkinci hissədə “İnter Moengotapoe” penaltı qazanıb. Komandanın hesabda 4:0 öndə olmasına baxmayaraq, zərbəni yerinə yetirmək üçün topa Brunsveyk yaxınlaşıb. 65 yaşlı veteran penaltini dəqiq yerinə yetirərək Surinam Major Liqasında ilk qolunu vurub.

Qeyd edək ki, Brunsveyk 2020-2025-ci illərdə Surinamın vitse-prezidenti olub. O, 1999-cu ildə Niderland məhkəməsi tərəfindən narkotik qaçaqmalçılığına görə qiyabi olaraq 8 il həbs cəzasına məhkum edilib.

Sabiq vitse-prezident 2021-ci ildə 60 yaşında KONKAKAF Liqasında Hondurasın “CD Olimpia” klubuna qarşı da meydana çıxıb. Həmin görüşdə komandası 0:6 hesabı ilə uduzub. Matçdan sonra Brunsveykin rəqib komandanın paltardəyişmə otağında futbolçulara pul payladığını göstərən görüntülər yayılıb. Nəticədə hər iki klub turnirdən kənarlaşdırılıb, Brunsveyk isə üç il müddətinə futboldan uzaqlaşdırılıb.

https://teleqraf.az/news/xarici_siyaset/573032.html