Rəsmi hesabata görə, yanvar-sentyabr aylarında Azərbaycan mehmanxanalarında 3 milyon 239,3 min gecələmə keçirilib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz azdır. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayında azalma 4,7 faiz göstərilir.
Doqquz ayda mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsi 23 faiz olub.
Başqa bir rəsmi açıqlamaya əsasən, yanvar-sentyabr aylarında Azərbaycana 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib, xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayında isə 1,8 faiz azalma qeydə alınıb.
Turizm sektorundakı geriləməni necə dayandırmaq olar? Bunun üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı Medianews.az-a açıqlamasında DAİR Hotellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi bildirib ki, 2026-cı ilin doqquz ayının statistik göstəriciləri turizm sektorunda narahatlıq doğuran müəyyən tendensiyaların olduğunu göstərir: “Lakin bu rəqəmləri qiymətləndirərkən təkcə ölkəyə xaricdən gələn ziyarətçilərin sayına deyil, onların səfər məqsədlərinə, ölkədə qalma müddətinə, xərclərinə, eləcə də daxili turizmin vəziyyətinə diqqət yetirməliyik.
Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, yanvar–sentyabr aylarında hotellərdə gecələmələrin sayı 6,6 faiz, xarici qonaqların gecələmələri 4,7 faiz azalıb. Daha diqqətçəkən məqam isə Azərbaycan vətəndaşlarının hotellərdə keçirdiyi gecələmələrin təxminən 9 faiz azalmasıdır. Hotellərin birdəfəlik tutumundan istifadə səviyyəsinin 25 faizdən 23 faizə enməsi də tələbat və mövcud yerləşmə potensialından istifadə baxımından ciddi düşünməyi tələb edir. Bununla belə, hotellərin nominal gəlirlərində 0,6 faizlik artım qeydə alınıb. Deməli, turizmdəki vəziyyəti yalnız bir göstərici əsasında qiymətləndirmək düzgün olmaz.
Əslində, mən daha çox turistlərin ölkədə nə qədər vəsait xərclədiyinə və hər səfərin hansı iqtisadi nəticə yaratdığına diqqət yetirərdim. Rəsmi statistika əsasında apardığımız hesablamalara görə, 2026-cı ilin yanvar–iyul aylarında turizm məqsədilə Azərbaycana səfər edən xarici ziyarətçilərin sayı 12,8 faiz, onların ümumi xərcləri isə 18,3 faiz azalıb. Bir ziyarətçiyə düşən orta xərc ötən ilin müvafiq dövründə təxminən 1829 manat olduğu halda, bu il 1713 manata enib. Bu, yalnız turist axınının deyil, bir səfərə düşən nominal xərclərin də azaldığını göstərir.
Burada xərclərin strukturu xüsusi maraq doğurur. 2026-cı ilin ilk yeddi ayında bir xarici turizm ziyarətçisinə düşən orta nəqliyyat xərci təxminən 771 manat olub. Bu, ümumi xərclərin 45 faizinə yaxındır. Ötən ilin eyni dövründə həmin göstərici təxminən 841 manat təşkil edirdi. Nəqliyyat xərclərini çıxdıqda isə bir ziyarətçiyə düşən digər xərclərin 988 manatdan 942 manata endiyini görürük. Xüsusilə yerləşmə xidmətlərinə çəkilən xərclərin azalması diqqət çəkir”.
Samir Dübəndi hesab edir ki, turizm hesabatlarında turistlərin xərcləri nəqliyyat daxil olmaqla və nəqliyyat xərcləri çıxılmaqla ayrıca təhlil edilməlidir: “Beynəlxalq aviabiletlərə, ölkədaxili nəqliyyata və digər daşıma xidmətlərinə çəkilən xərcləri fərqləndirmək, eləcə də bu xidmətlərin hansı hissəsinin yerli iqtisadiyyatda dəyər yaratdığını müəyyənləşdirmək vacibdir. Məsələn, nəqliyyata sərf edilən 771 manatın hamısını aviabilet xərci hesab etmək olmaz. Eyni zamanda, bütün nəqliyyat xərclərini ölkəmizin hotel, restoran və digər yerli turizm müəssisələrinin gəliri kimi təqdim etmək də düzgün deyil. Əlbəttə, yerli aviaşirkətlər və nəqliyyat müəssisələri də milli iqtisadiyyata töhfə verirlər və bu töhfə ayrıca qiymətləndirilməlidir”.
Samir Dübəndi qeyd edib ki, turistlərin ölkədə qalma müddəti də mühüm göstəricidir: “Dövlət Turizm Agentliyinin açıqladığı məlumatlara görə, 2026-cı ilin ilk beş ayında xarici turistlərin orta qalma müddəti ötən ilin eyni dövründə olduğu kimi təxminən 4,5 gecə təşkil edib. Yəni həmin dövrdə qalma müddətində azalma müşahidə olunmayıb. Bu səbəbdən turist xərclərinin azalmasını yalnız səfərlərin qısalması ilə izah etmək olmaz. Burada ziyarətçilərin tərkibi, alıcılıq qabiliyyəti, istifadə etdikləri xidmətlər və qiymət–keyfiyyət nisbəti də araşdırılmalıdır.
Xarici bazarlardakı vəziyyətə gəldikdə, azalma bütün istiqamətlərdə eyni deyil. Bu ilin doqquz ayında Körfəz ölkələrindən gələnlərin sayı 32 faiz azaldığı halda, Avropa İttifaqı ölkələrindən 6,1 faiz, MDB ölkələrindən isə 4,3 faiz artım qeydə alınıb. Geosiyasi gərginliklər, beynəlxalq hava əlaqələrindəki dəyişikliklər və regiondakı rəqabət bu proseslərə təsir göstərə bilər. Ancaq konkret səbəblərin təsirini müəyyənləşdirmək üçün hədəf bazarlar üzrə ayrıca təhlil lazımdır.
Digər tərəfdən, Azərbaycanın turizm baxımından əlçatanlığının artırılması məsələsi aktuallığını qoruyur. Aviabiletlərin rəqabətqabiliyyətli qiymətlərlə təklif olunması, yeni beynəlxalq uçuş istiqamətlərinin açılması, aşağıbüdcəli aviaşirkətlərin cəlb edilməsi, regional hava limanlarından birbaşa və çarter reyslərinin inkişafı mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, təhlükəsizlik tələbləri nəzərə alınmaqla quru sərhədlərindən turistlərin hərəkətinə tətbiq olunan məhdudiyyətlərin mərhələli şəkildə yumşaldılması da nəzərdən keçirilməlidir. Cənubi Qafqaz ölkələrini əhatə edən birgə turizm marşrutlarında Azərbaycanın payının və ölkəmizdə keçirilən gecələmələrin sayının artırılması da vacibdir.
Daxili turizmə münasibətimizi də yenidən nəzərdən keçirməliyik. Pandemiyadan sonrakı dövrdə daxili turizmin inkişafı üçün yaranmış imkanlar davamlı nəticələrə çevrilməlidir. Yerli vətəndaşlar üçün əlçatan qiymətlər, ailəvi istirahət paketləri, mövsümdənkənar təkliflər və keyfiyyətli xidmətlər genişləndirilməlidir. Regionlarda turizm təkcə hotellər və istirahət kompleksləri üzərində qurulmamalıdır. Kənd həyat tərzinin və ənənəvi təsərrüfatların qorunması, yerli kənd təsərrüfatı məhsullarının istehsalı, qastronomiya, sənətkarlıq və digər xidmətlərin inkişafı turizmin iqtisadi faydasını daha geniş əhali qruplarına çatdıra bilər.
Bakı ölkəmizin əsas turizm mərkəzi olaraq qalır. Lakin paytaxtın cəlbediciliyini qorumaq üçün şəhər mühitinin rahatlığı, nəqliyyat, ekoloji vəziyyət, ictimai məkanlar və xidmət keyfiyyəti üzərində davamlı işləmək lazımdır. Bakı ilə regionlar bir-birinə rəqib deyil, vahid turizm ekosisteminin bir-birini tamamlayan hissələri kimi inkişaf etməlidir”.
Samir Dübəndi vurğulayıb ki, mövsümilik probleminin aradan qaldırılması da əsas prioritetlərdən olmalıdır: “Tibbi, müalicə-sağlamlıq, sanatoriya-kurort, ekoloji, kənd, qastronomiya və elmi turizm kimi istiqamətlər düzgün təşkil olunduqda ilboyu turist cəlb etmək imkanları yaradır. Azərbaycanın zəngin biomüxtəlifliyi, endemik flora və faunası, unikal təbiət hadisələri həm ekoturizm, həm də elmi və maarifləndirici səfərlər üçün böyük potensiala malikdir. Bu imkanların real turizm məhsullarına çevrilməsi vacibdir.
Bütün bu məsələlərə dövlətin strateji yanaşması da mövcuddur. 2026-cı ilin avqustunda təsdiq edilmiş 2026–2030-cu illər üçün turizmin inkişafına dair Dövlət Proqramı nəqliyyat əlçatanlığından bazarların şaxələndirilməsinə, regional inkişafdan xidmət keyfiyyətinə, kadr hazırlığından turizm statistikasının təkmilləşdirilməsinə qədər geniş tədbirlər nəzərdə tutur. İndi əsas məsələ bu tədbirlərin dövlət qurumları, özəl sektor, sahəvi assosiasiyalar və digər maraqlı tərəflərin iştirakı ilə əlaqələndirilmiş, şəffaf və nəticəyönümlü şəkildə həyata keçirilməsidir”.
Açıqlamasında Samir Dübəndi daha bir məsələyə toxunub: “Təəssüf ki, ölkəmizdə turizm sahəsi üzrə dərin, davamlı və ixtisaslaşmış analitik jurnalistika hələ kifayət qədər inkişaf etməyib. Əlbəttə, ayrı-ayrı maraqlı və ciddi jurnalist araşdırmaları mövcuddur. Lakin biz istərdik ki, media yalnız statistik göstəriciləri və gündəlik xəbərləri təqdim etməklə kifayətlənməsin, həm də onların arxasında dayanan iqtisadi və sosial prosesləri araşdırsın, problemlərin həqiqi səbəblərini müəyyənləşdirsin. Müstəqil jurnalist araşdırmaları, sahəvi assosiasiyaların, qeyri-hökumət təşkilatlarının, universitetlərin və tədqiqatçıların analitik fəaliyyəti bir-birini tamamlamalıdır. Belə əməkdaşlıq həm ictimai müzakirələrin keyfiyyətini yüksəldər, həm də turizm siyasətinin təkmilləşdirilməsi üçün faydalı təkliflərin formalaşmasına kömək edər.
Əsas məqsədimiz sadəcə ölkəyə daha çox turist gətirmək olmamalıdır. Biz turistlərin daha uzun müddət qalmasına, daha çox yerli turizm məhsulundan istifadə etməsinə, məmnunluq səviyyəsinin yüksəlməsinə və təkrar səfərlərin artmasına nail olmalıyıq. Turizmin uğuru yalnız sərhədi keçənlərin sayı ilə deyil, onun ölkə iqtisadiyyatına, regionların inkişafına, sahibkarlığa, məşğulluğa və insanların rifahına verdiyi real töhfə ilə ölçülməlidir”.