Paris, 2 noyabr, AZƏRTAC ACDEFI konsaltinq şirkətinin rəhbəri, iqtisadçı Mark Tuati “Europe 1” radiosuna müsahibəsində ölkə iqtisadiyyatının vəziyyətini kəskin tənqid edərək, Fransanın “uçuruma doğru getdiyini” bildirib. Onun fikrincə, iqtisadi göstəricilər ölkədə tənəzzül təhlükəsinin artdığını göstərir.AZƏRTAC xəbər verir ki, ACDEFI konsaltinq şirkətinin rəhbəri inflyasiya, iqtisadi artım və işsizliklə bağlı açıqlanan son rəqəmləri “Fransa iqtisadiyyatı üçün əsl qara gün” adlandırıb. İqtisadçının sözlərinə görə, ilin əvvəlindən etibarən ölkənin ümumi daxili məhsulu (ÜDM) 0,3 faiz azalıb. Müəssisələrin investisiyaları 1 faiz, ev təsərrüfatlarının istehlakı isə 0,1 faiz geriləyib.“eToro” investisiya platformasının iqtisadi məsləhətçisi də olan Mark Tuati Fransanın dövlət maliyyəsi sahəsindəki vəziyyətini də tənqid edib. O bildirib ki, ölkə ÜDM-ə nisbətdə məcburi vergi və sosial ödənişlərin, eləcə də dövlət xərclərinin həcminə görə dünyada ilk yerlərdədir.İqtisadçı hökumətin iqtisadi siyasətini də səmərəsiz hesab edir. Onun fikrincə, vergilərin və dövlət xərclərinin artırılması iqtisadi vəziyyəti yaxşılaşdırmayacaq. Tuati 2027-ci il büdcəsinin qəbul edilməsi üçün siyasi qüvvələr arasında əldə olunan razılaşmaları da tənqid edib.Mark Tuati dövlət büdcəsinin kəsiri ilə bağlı proqnozların da reallığı əks etdirmədiyini düşünür. Onun sözlərinə görə, hökumət kəsirin ÜDM-in 5 faizi səviyyəsində saxlanılacağını vəd etsə də, göstərici 5,4 faiz deyil, 6 faizə çata bilər.İqtisadçı bunu iqtisadi artımın olmaması ilə əlaqələndirir: iqtisadi fəallığın zəifləməsi vergi daxilolmalarını azaldır, işsizliyin artması isə dövlət xərclərini yüksəldir. Nəticədə büdcə kəsiri daha da böyüyür.