Son günlər Azərbaycanda jurnalistlərin peşə fəaliyyətini yerinə yetirərkən hücuma məruz qalması halları narahatlıq doğurur.
Bir neçə gün əvvəl REAL TV və Space TV əməkdaşlarına qarşı baş verən oxşar hadisələrin ardınca bu dəfə APA TV-nin müxbiri Sənan Bəhrəmli fiziki zorakılıqla üzləşib.
Belə ki, ötən günlərdə yanğın hadisəsini işıqlandıran APA TV-nin müxbiri Sənan Bəhrəmli hücuma məruz qalıb. Özünü mühafizəçi kimi təqdim edən şəxs jurnalistə fiziki zor tətbiq edib, onu təhqir edib və çəkiliş avadanlığına zərər vurub. Hadisəyə polis əməkdaşları müdaxilə edib.
Hücumu törətməkdə şübhəli bilinən Heydər Sərdarov saxlanılıb, faktla bağlı cinayət işi başlanılıb. Qısa müddət ərzində bir neçə media nümayəndəsinin oxşar hadisələrlə üzləşməsi media nümayəndələrinin təhlükəsizliyi məsələsini yenidən aktuallaşdırır.
Bu kimi hadisələrin ictimailəşdirilməsi insanları media mənsublarına qarşı daha da aqressivləşdirə bilərmi? Həmin şəxslər üçün daha ağır hüquqi məsuliyyət tətbiq olunmalıdırmı?
BDU-nun professoru, Əməkdar jurnalist Qulu Məhərrəmli mövzu ilə bağlı Sfera.az-a açıqlamasında bildirib ki, jurnalistlərə qarşı aqressiya halları yolverilməzdir:
“Təəssüf ki, son vaxtlar hadisələrin gedişatı göstərir ki, jurnalistlərə, reportyorlara qarşı müəyyən aqressiya var. Media nümayəndələrinə qarşı bu kimi hallar yolverilməzdir. İnformasiya daşıyıcıları mətbuatın fəaliyyət göstərməsi üçün şərait yaratmalıdırlar. Reportyorlar və jurnalistlər də etik davranış qaydalarına riayət etməklə həmin məlumatları əldə etməyə çalışmalıdırlar. Jurnalistlərə qarşı zorakılıq tendensiyasının olması çox pis haldır”.
Q.Məhərrəmli baş vermiş hər hansı hadislə ilə bağlı məlumatın operativ və obyektiv formada mətbuata ötürülməsinin mümkün yollarının tapılmasını vurğulayıb:
“Başa düşülən cəhət odur ki, heç kim öz nöqsanlarına görə tənqid olunmasını istəmir. Amma bu, artıq keçmiş zamana aiddir. Çünki baş verən hər şey indi sosial şəbəkələrdə paylaşılır və cəmiyyət bundan xəbər tutur. Ona görə də düzgün məlumatın mətbuata verilməsinin mümkün yolları tapılmalıdır. İnformasiya daşıyıcıları bu məsələdə çox həssas və diqqətli olmalıdırlar”.
Xatırladaq ki, oktyabrın 28-də Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi dərs zamanı pəncərədən yıxılaraq həyatını itirib. Hadisəni işıqlandırmaq üçün məktəbə gedən REAL TV-nin çəkiliş qrupu məktəbin həyətində bir qrup şəxsin hücumuna məruz qalıb. Hücumda məktəbin qarovulçusunun da rolu olub. İnsident zamanı telekanalın operatoru və stajoru xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, hücumda iştirak edən şəxslər saxlanılıb.
Space TV-nin müxbiri Rəşad Vəkiloğlu da həmin vaxt çəkiliş qrupunun fiziki zorakılıqla üzləşdiyini açıqlayıb.