Bakı, 2 noyabr, AZƏRTAC İlk məqsədimiz istiliyin zəif olmasının səbəbini müəyyənləşdirmək və problemin həllinə kömək etməkdir. Nasazlıq qazanxanada, xarici şəbəkədə və ya binadaxili sistemdə yarana bilər. Buna görə bina girişindəki göstəricilər və mənzillərə istiliyin çatması birlikdə araşdırılmalıdır.Bunu AZƏRTAC-a müsahibəsi zamanı “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev deyib.O bildirib ki, köhnə binalardakı şaquli sistemlərdə mənzillər bir-biri ilə əlaqəlidir. “Bir mənzildə boru və ya radiatora edilən müdaxilə eyni şaquli xəttə qoşulmuş digər mənzillərdə də dövriyyəni poza bilər. Binadaxili problemləri üç əsas qrupda ümumiləşdirmək olar:- Layihəyə uyğun olmayan radiator və boruların quraşdırılması, şaquli xətlərin və baypasların ləğvi nəticəsində dövriyyənin pozulması;- Radiatorların eyvana köçürülməsi, əlavə radiator və ya “isti döşəmə”nin qoşulması ilə sistemin layihədən kənar əlavə yüklənməsi;- Texniki xidmətin və yuyulmanın aparılmaması nəticəsində çöküntülərin yığılması, sistemdə havanın qalması.Cəmiyyət öz şəbəkəsindəki nasazlıqları aradan qaldırır. Binanın ümumi istilik sisteminə xidmətin təşkili binanı idarə edən qurumların və mülkiyyətçilərin, mənzildaxili avadanlığın saz saxlanılması isə mənzil sahibinin məsuliyyətinə aiddir”, - deyə ASC-nin sədri vurğulayıb. Müsahibənin tam versiyası az sonra AZƏRTAC-da dərc olunacaq. Müxbir – Vüsalə Səfərova