Türkiyədə xəzinə axtaranlara fürsət: Dövlət tapıntının yarısını verəcək

Türkiyədə maraqlı xəzinə axtarışı layihəsinə start verilməyə hazırlaşılır. Giresun vilayətinin Alucra rayonunda cəmi 49,99 kvadratmetr ərazidə aparılacaq qazıntılar zamanı xəzinə aşkarlanarsa, onun dəyərinin 50 faizi tapıntını müəyyən edən şəxsə veriləcək.

Oxu.Az-a istinadən, layihə ilə bağlı Türkiyənin Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi, İcazələr və Nəzarət Baş İdarəsində müvafiq prosedurlar başa çatıb.

Yeşilyurt kəndində həyata keçirilməsi nəzərdə tutulan layihə çərçivəsində 10 metr dərinliyədək qazıntı aparılması planlaşdırılır. İşlərə 7 nəfərin cəlb olunacağı və prosesin 15 gün ərzində yekunlaşdırılacağı bildirilir.

Qazıntı layihəsinin ümumi dəyəri 221 min Türkiyə lirəsi, yəni 7 500 manatdan çox qiymətləndirilir.

Əmlak xəritəsində otlaq sahəsi kimi qeyd olunan ərazidə işlərə yalnız tələb olunan icazələr alındıqdan, valiliyin təsdiqi və xəzinə axtarışı üçün lisenziya verildikdən sonra başlanılacaq.

Layihənin diqqətçəkən məqamı isə tapılacaq xəzinənin bölüşdürülməsi ilə bağlıdır. Türkiyə qanunvericiliyinə əsasən, dövlətin nəzarətində olan torpaqlarda qanuni axtarış zamanı xəzinə aşkar edilərsə, onun müəyyən edilmiş dəyərinin yarısı tapana verilə bilər.

Xəzinənin pul ifadəsində dəyərini Türkiyənin Xəzinədarlıq və Maliyyə Nazirliyi müəyyən edəcək.

Qazıntılar ciddi nəzarət altında aparılacaq

Axtarış işləri muzey əməkdaşlarının və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin nəzarəti ilə həyata keçiriləcək.

Qazıntı zamanı tarixi, mədəni və ya təbii irs nümunəsi aşkar edilərsə, işlər dərhal dayandırılacaq və bu barədə səlahiyyətli qurumlara məlumat veriləcək.

Tapıntılar Mədəniyyət və Turizm Nazirliyinin təyin etdiyi azı üç ekspert tərəfindən araşdırılacaq. Tarixi və mədəni əhəmiyyət daşıyan əşyalar muzeylərə təhvil veriləcək. Xəzinə kimi qiymətləndirilən tapıntılar isə qanunvericilikdə nəzərdə tutulan prosedurlardan sonra Xəzinədarlıq və Maliyyə Nazirliyinə təqdim olunacaq.

Beləliklə, Türkiyədə qanuni xəzinə axtarışı çərçivəsində tapılacaq sərvətin yarısının onu aşkar edən şəxsə çatması nəzərdə tutulur.