Təhsil işçiləri diqqət: Bu kartla metro və avtobusda 1 qəpiyə gedə bilərsiniz

Azərbaycanda TəhsilPlus kartından istifadə edən təhsil işçiləri üçün ictimai nəqliyyatda yeni güzəşt kampaniyasına start verilir. Noyabr ayı ərzində müəllimlər və digər təhsil əməkdaşları metro və avtobuslarda günün ilk səfəri üçün cəmi 1 qəpik ödəyəcəklər.

Kampaniya 2 noyabr 2026-cı il tarixindən qüvvəyə minib və ayın 30-dək davam edəcək.

Yeni güzəşt Bakı metrosunda və şəhər avtobuslarında keçərli olacaq. Kampaniyadan yararlanmaq üçün sərnişinlər TəhsilPlus kartını Apple Pay və ya Google Pay sisteminə əlavə etməli və NFC texnologiyası vasitəsilə ödəniş etməlidirlər.

Güzəşt həftəiçi, yəni bazar ertəsindən cüməyədək tətbiq olunacaq. Hər kart sahibi gün ərzində yalnız ilk gedişini 1 qəpiyə həyata keçirə biləcək. Sonrakı səfərlər isə mövcud tariflər əsasında hesablanacaq.

Bununla yanaşı, TəhsilPlus kartı ilə standart tarif üzrə edilən ictimai nəqliyyat ödənişlərinə də 10 faiz bonus nəzərdə tutulub.

TəhsilPlus kartlarının ölkə üzrə təhsil işçilərinə paylanması mərhələli şəkildə davam etdirilir. İlk mərhələdə məktəbəqədər, ümumi və ali təhsil müəssisələrinin əməkdaşlarının kartlarla təminatına başlanılıb.

Hazırda aktiv TəhsilPlus kartı istifadəçilərinin sayı 185 mini ötüb.

Qeyd edək ki, layihə Təhsilin İnkişafı Fondu, Kapital Bank və Mastercard şirkətinin birgə əməkdaşlığı ilə həyata keçirilir.

TəhsilPlus kartı yalnız əməkhaqqı və debet kartı funksiyalarını daşımır. Ondan təhsil müəssisələrində giriş-çıxış vasitəsi kimi də istifadə olunur. Kart sahibləri tərəfdaş müəssisələrdə alış-veriş, sağlamlıq, istirahət və müxtəlif xidmətlər üzrə endirim və bonuslar əldə edə bilirlər.