Baş Qərargah: Melaniya Trampın təşəbbüsü Rusiyaya cəbhədə güclənmək üçün vaxt qazandırdı

Rusiya ordusu Ukraynanın Xerson vilayətinin işğal altında olan Oleşki şəhərində humanitar fasilədən öz mövqelərini möhkəmləndirmək üçün istifadə edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib.

“Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Oleşki şəhərində humanitar əməliyyatın həyata keçirilməsi məqsədilə elan edilmiş atəşkəs çərçivəsində sükut rejiminə riayət olunmasını təmin edib və yalnız əldə olunmuş razılaşmalar çərçivəsində fəaliyyət göstərib”, - Baş Qərargah vurğulayıb.

Qeyd olunub ki, nəticədə humanitar yüklər təyinat yerinə çatdırılıb, Oleşki şəhərini tərk etmək istəyən Ukrayna vətəndaşları Ukrayna ordusunun nəzarətində olan ərazilərə qayıdıblar:

“Düşmən isə humanitar fasilədən öz mövqelərini möhkəmləndirmək üçün istifadə edib. Sükut rejimi müddətində Rusiya bölmələrinin rotasiyası, mövqelərin möhkəmləndirilməsi, yollarda dronlara qarşı müdafiə vasitələrinin genişləndirilməsi və logistikanın gücləndirilməsi, o cümlədən sursat daşınmasının artırılması qeydə alınıb”.

Oktyabrın 27-dən noyabrın 1-dək Oleşki şəhərində humanitar əməliyyatın həyata keçirilməsi üçün müəyyən edilmiş ərazidə atəşkəs rejimi tətbiq olunub. Müvəqqəti atəşkəs ABŞ-nin birinci xanımı Melaniya Trampın vasitəçiliyi ilə əldə edilib.