Çin hökuməti dövlət qulluqçularının, eləcə də onların ailə üzvlərinin korrupsiyaya qarşı yoxlanılması və fəaliyyətinə nəzarət mexanizmlərini gücləndirməyi planlaşdırır.
Bu barədə "Sinxua" agentliyi Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda qəbul edilmiş qərara istinadən məlumat yayıb.
Yeni tədbirlərin əsas məqsədi gizlədilən aktivləri aşkar etmək, həmçinin məmurların rəsmi gəlirləri ilə real həyat tərzi arasındakı fərqləri müəyyənləşdirməkdir.
Plan çərçivəsində yüksək vəzifəli şəxslərin ailə üzvlərinə məxsus əmlak və xərclər yoxlanılacaq, onların yaxın qohumlarının sahibkarlıq fəaliyyəti üzərində nəzarət daha da artırılacaq.
Bununla yanaşı, dövlət məmurlarına, o cümlədən vəzifədən və təqaüdə çıxdıqdan sonra da nəzarətin gücləndirilməsi nəzərdə tutulur. Həmçinin məsuliyyətdən yayınmaq məqsədilə vəzifəli şəxslərin vaxtından əvvəl istefa verməsi hallarının qarşısının alınması tapşırılıb.