Oktyabrın 30-da Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı, “Tbilisi prospekti, 129” (Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi) ünvanı üzrə ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn strateji məsələlərin təhlili və icrasına həsr olunmuş müşavirə keçirilib.
Müşavirə Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, habelə respublikamızın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin unudulmaz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Dövlət Komitəsinin sədri Rövşən Rzayev Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultaydakı tarixi nitqinin ölkənin gələcək inkişaf prioritetlərini müəyyən edən mükəmməl yol xəritəsi olduğunu diqqətə çatdırıb. Komitə sədri xüsusilə vurğulayıb ki, dövlət başçısı cənab İlham Əliyevin proqram xarakterli çıxışında Böyük Qayıdışa dair səsləndirdiyi fikirlər, azad edilmiş ərazilərdə sürətlə aparılan bərpa-quruculuq işləri, müasir infrastrukturun qurulması və keçmiş məcburi köçkünlərin doğma ata-baba yurdlarına təhlükəsiz, mərhələli və ləyaqətlə qayıdışının təmin olunması Dövlət Komitəsinin və hər bir partiya üzvünün qarşısında mühüm vəzifələr qoyur. Bildirilib ki, işğaldan azad olunmuş yaşayış məntəqələrinə köçürülən əhalinin sayı ildən-ilə artır və bu proses dövlətin güclü iqtisadi potensialı və siyasi iradəsi sayəsində uğurla davam etdirilir.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev məruzəsində Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu və Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının ölkənin siyasi sabitliyi, suverenliyinin tam bərpası və Böyük Qayıdışdakı müstəsna rolunu vurğulayıb. O, YAP-ın VIII Qurultayında müəyyən edilən prioritetlərin azad edilmiş ərazilərə köçən sakinlərlə ideoloji-maarifləndirmə işlərinin aparılmasında və onların cəmiyyətə inteqrasiyasında yeni mərhələ açdığını bildirib. O, həmçinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ərazi partiya təşkilatının böyük potensiala malik olduğunu və müəyyən edilmiş strateji hədəflərə çatmaq üçün onlarla sıx əməkdaşlığın davam etdiriləcəyini diqqətə çatdırıb.
Natiqlər öz məruzələrində dövlətçilik prinsiplərinə sədaqət, milli maraqların hər şeydən üstün tutulması, vətəndaş məmnunluğunun yüksəldilməsi və əməkdaşların üzərinə düşən funksional vəzifələrə xüsusi məsuliyyətlə yanaşmasının hər bir YAP üzvünün gündəlik fəaliyyət meyarı olmalı olduğunu vurğulayıblar. Eyni zamanda, böyüməkdə olan gənc nəslin vətənpərvərlik, dövlətçilik və milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasının, gənclərin azad edilmiş ərazilərdəki yenidənqurma və məskunlaşma proseslərinə, eləcə də innovativ ictimai təşəbbüslərə fəal cəlb edilməsinin vacibliyi diqqətə çatdırılıb.
Müşavirədə ərazi partiya təşkilatının fəaliyyət mexanizmlərinin daha da təkmilləşdirilməsi, təşkilat üzvlərinin sosial-politoloji fəallığının artırılması, Dövlət Komitəsinin üzərinə düşən vəzifələrin operativ və keyfiyyətli icrası, həmçinin Böyük Qayıdışla bağlı maarifləndirmə işlərinin gücləndirilməsi istiqamətində praktiki təkliflər və mülahizələr səsləndirilib. Yekunda mövcud siyasi kursa birmənalı dəstəyin davam etdiriləcəyi və cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulmuş bütün strateji hədəflərə nail olunması üçün ərazi təşkilatının səfərbər edildiyi bəyan olunub.
Tədbirdə, həmçinin Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov və Regional idarəetmə və status şöbəsinin müdiri Sənan Hüseynov da çıxış ediblər. Vurğulanıb ki, Azərbaycanın suverenliyini bərpa etməsindən sonra keçirilən bu ilk Qurultay xüsusi tarixi əhəmiyyət kəsb edir və Ümummilli Lider Heydər Əliyev irsinə əsaslanaraq dövlət başçısının proqram xarakterli nitqindən irəli gələn tələblər hər bir əməkdaş tərəfindən birbaşa fəaliyyət tapşırığı kimi qəbul olunur.
Tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, komitənin əməkdaşları iştirak ediblər.
Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.