“Məktəblərdə geyim qaydalarını bilərəkdən pozurlar” - Elşən Qafarovdan diqqətçəkən İDDİA

Dünən 225 nömrəli məktəbin həyətində çəkiliş aparmaq istəyən Real TV-nin əməkdaşı şagirdlərin hücumuna məruz qalaraq döyülüb. Maraqlıdır ki, məktəbin direktor müavini hadisə ilə bağlı açıqlamasında məktəbin həyətində kənar şəxslərin olmadığını, jurnalistə hücum edənlərin 9–10-cu siniflərdə təhsil alan şagirdlər olduğunu bildirib.

Lakin yayılan görüntülərdə diqqətçəkən məqamlar var. Belə ki, jurnalistə hücum edən şəxslərin üzərində məktəbli geyimi olmayıb, bəzilərinin isə saqqallı olduğu görünür. Bu isə Nazirlər Kabinetinin məktəbli geyimi ilə bağlı qəbul etdiyi son qərara tamamilə ziddir.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov bildirdi ki, hamı kimi o də məlum kadrları izləyib və buna görə çox təəssüf hissi keçirib:

"Əvvəla, təxminən bir aydır ki, ölkənin ümumtəhsil məktəblərində geyim məsələsi çox ciddi şəkildə gündəmdədir. Videoçıxışlarımda da bununla bağlı bir neçə dəfə münasibət bildirmişəm. Konkret olaraq, təhsil idarəetmə qurumları, o cümlədən məktəblər istər Nazirlər Kabinetinin 96 nömrəli, istərsə də 325 nömrəli qərarını düzgün tətbiq etmirlər. Əksinə, qərarlar sanki sabotaj olunur. Reallıq bundan ibarətdir ki, burada bütün təhsilalanlar və təhsilverənlər üçün vahid geyim formasından söhbət gedir. Qərarlarda geyim tələbləri konkret göstərilir və kənar elementlərin olmasına yol verilmir. Belə çıxır ki, məktəblər və təhsil idarəetmə qurumları bu qaydaları bilərəkdən yalnız baş örtüyü taxan təhsilalanlara və təhsilverənlərə qarşı tətbiq edirlər. Açıq-saçıq geyinən, məktəbli formasının tələblərini kobud şəkildə pozan şəxslərə qarşı isə eyni münasibət göstərilmir".

225 nömrəli məktəbdə baş verən hadisədən danışan müsahibimiz vurğuladı ki, bu, uşaqların öz təşəbbüsü ilə baş verən bir hadisəyə bənzəmir:

"Məncə, bu, təşkil olunmuş məsələdir. Çox güman ki, məktəb rəhbərliyi, müəllimlər və ya orada çalışan digər şəxslər tərəfindən təşkil edilib. Çünki 13, 14 və ya 15 yaşlı uşaq özbaşına gedib kiməsə hücum etməz, üstəlik, bunu qrup şəklində həyata keçirməz. Bu məsələ araşdırılmalı, həmin uşaqların bu addımı atmasına kimin səbəb olduğu müəyyənləşdirilməli və məktəb rəhbərliyi barəsində ciddi tədbirlər görülməlidir. Görünən odur ki, orada gözətçi uşaqları bu addımı atmağa sövq edib. Belədirsə, həmin şəxs işdən azad olunmalıdır.

Məsələnin bir tərəfi budur. Digər tərəfdən, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və digər regional təhsil idarələri birmənalı şəkildə bilməlidirlər ki, bu qaydalar yalnız baş örtüyü taxanlara aid deyil. Məktəbli forması hamı üçün nəzərdə tutulub və vahid forma tələbi bütün şagirdlərə tətbiq olunmalıdır. Vahid forma tələblərinin yerinə yetirilmədiyi məktəblərin rəhbərləri barəsində ciddi intizam tədbirləri görülməlidir. Çıxış yolu budur. Çox təəssüf ki, ayrı-seçkilik var. Nazirlər Kabinetinin 96 və 325 nömrəli qərarlarının icrasında ciddi pozuntulara yol verilir. Hətta bu qərarların həyata keçirilməsinə mane olmaq, bilərəkdən süni narazılıq yaratmaq halları da var".