Taleh Kazımov: Oktyabrda keçirilən 7 hərracın 5-də ümumiyyətlə tələb olmayıb

Həm nağd, həm də qeyri-nağd valyuta bazarlarında təklifin tələbi kəskin üstələdiyini müşahidə edirik.

Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri barədə qərarın açıqlanmasın dair mətbuat konfransında deyib.

O qeyd edib ki, Qeyri-nağd valyuta bazarında il ərzində bir hərraca düşən 70 milyon dollarlıq orta təklif şəraitində tələb cəmi 5 milyon dollar olub:

“Məsələn, oktyabrda keçirilən 7 hərracın 5-də ümumiyyətlə tələb olmayıb. Digər 2 hərracda isə tələb ümumilikdə cəmi 4,5 milyon dollar təşkil edib. Nağd valyuta bazarına gəldikdə isə təklif tələbi 759 milyon üstələyir. Bu da kifayət qədər böyük rəqəmdir.

Bunları nəzərə alaraq, bank sektorunda dedollarlaşma prosesinin davam etdiyini qeyd etmək istərdim. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi 3,3 faiz bəndi azalaraq 25,7 faizə enib.

Xüsusilə qeyd edim ki, qeyri-rezidentlərin əmanətlərində dededollarlaşma prosesi davam edir. Son 13 ayda qeyri-rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi 5,7 faiz bəndi azalaraq 54,6 faizə çatıb”.