Ermənistan prezidentinin səhhəti pisləşib

Ermənistan Prezidenti Vahan Xaçaturyanın səhhətinin son həftələrdə əhəmiyyətli dərəcədə pisləşdiyi bildirilir.

Bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, prezident oktyabrın 27-də törədilmiş terror aktının ildönümü ilə bağlı tədbirlərdə iştirak etməyib. O, həmçinin Ermənistanda keçirilən COP-17 iqlim sammiti çərçivəsində təşkil olunan bir sıra tədbirlərə qatılmayıb.

Bundan başqa, Xaçaturyanın himayəsi altında “The Prince Talal International Prize for Human Development 2025” mükafatının təqdimetmə mərasimi keçirilib. Lakin prezident həmin tədbirdə də iştirak etməyib.

Qəzetin məlumatına görə, dünən İspaniya kraliçası və Səudiyyə Ərəbistanı şahzadəsinin iştirakı ilə yüksək vəzifəli qonaqların şərəfinə təntənəli qəbul təşkil olunsa da, Xaçaturyan orada da olmayıb.

“Hraparak” nəşri öz mənbələrinə istinadən yazır ki, Ermənistan prezidenti dövlət iqamətgahında da nadir hallarda görünür.

“Məlumatımıza görə, o, iqamətgahında da tez-tez olmur. Xaçaturyan uzun müddətdir xəstədir. İnsanlar onun xarici görünüşündə ciddi dəyişikliklər müşahidə etməyə başlayıblar”, – deyə qəzet qeyd edib.

Xatırladaq ki, bundan əvvəl mediada Ermənistan prezidentinin onkoloji xəstəlikdən əziyyət çəkdiyi və ağciyərindən əməliyyat olunduğu barədə məlumatlar yayılmışdı.

Xaçaturyanın Ümumerməni “Hayastan” Fondunun Himayəçilər Şurasının iclasından yayılan fotoları da geniş müzakirələrə səbəb olmuşdu. Həmin görüntülərdə prezidentin səhhətinin yaxşı olmadığına dair ehtimallar irəli sürülmüşdü.

“Sputnik Ermənistan” prezident administrasiyasına sorğu göndərib. Lakin nəşrin məlumatına görə, əvvəlki sorğular kimi, bu müraciət də cavabsız qalıb.