Xankəndi, 29 oktyabr, AZƏRTAC Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şura uzun illər ərzində MDB-yə üzv ölkələrin rəqabət orqanları arasında peşəkar münasibətlərin inkişafına xidmət edən mühüm platforma kimi formalaşıb. Şuranın əsas üstünlüyü ondan ibarətdir ki, bu platforma milli təcrübələrin müqayisəsi ilə yanaşı, bazarlarda meydana çıxan yeni çağırışlara birgə yanaşmaların hazırlanması üçün imkanlar yaradır. İqtisadi əlaqələrin və transsərhəd fəaliyyətin genişləndiyi bir şəraitdə bu əməkdaşlığın əhəmiyyəti daha da artır.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov Xankəndidə keçirilən MDB-yə üzv dövlətlərin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclasında çıxışında deyib.Elnur Bağırov qeyd edib ki, müasir rəqabət siyasəti sürətlə dəyişən bazar münasibətlərinə uyğunlaşmağı tələb edir. “Rəqəmsallaşma, yeni biznes modelləri, infrastruktur sahələrində texnoloji dəyişikliklər və qlobal təchizat zəncirlərində baş verən proseslər ənənəvi hüquq tətbiqi alətlərinin də davamlı təkmilləşdirilməsini zəruri edir. Bu şəraitdə rəqabət orqanlarının vəzifəsi bazara giriş imkanlarını genişləndirən, sahibkarlıq təşəbbüsünü və investisiyaları təşviq edən mühiti formalaşdırmaqdır”, - deyə E.Bağırov bildirib. Müxbir – Tahir Ağaməmmədov