ABŞ İsrailə əlavə “Patriot” sistemi göndərir: İrana qarşı hazırlıq

ABŞ Müdafiə Nazirliyi İsrailin raketdən müdafiə imkanlarını gücləndirmək məqsədilə ölkəyə əlavə “Patriot” hava hücumundan müdafiə sistemi göndərir.

Bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti məlumatlı mənbələrə istinadən yazıb.

Məlumata görə, Pentaqon “Patriot” sisteminin Texas ştatından İsrailə yerləşdirilməsi barədə qərar qəbul edib.

Bundan əlavə, gələn ay Yaxın Şərqə ABŞ Hərbi Dəniz Qüvvələrinin daha bir aviadaşıyıcı zərbə qrupunun göndərilməsi planlaşdırılır. Həmin qrup regionda yerləşən təxminən 20 Amerika hərbi gəmisinə qoşulacaq.

Nəşrin məlumatına əsasən, bu addımlar İrana qarşı hərbi əməliyyatların bərpası ehtimalı fonunda ABŞ Prezidenti Donald Trampın sərəncamında müxtəlif hərbi variantların olmasını təmin etmək məqsədi daşıyır.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda döyüşlərin dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıblar.

Lakin iyulun 8-nə keçən gecə ABŞ İranı Hörmüz boğazı ilə bağlı razılaşmanın şərtlərini pozmaqda ittiham edərək genişmiqyaslı zərbələri bərpa edib.

Daha sonra Vaşinqton İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları dayandırmaq və sanksiyalar vasitəsilə iqtisadi təzyiqi artırmaq istiqamətində siyasət yürütməyə başlayıb.