Azərbaycan və Özbəkistan arasında tarixi, mənəvi və mədəni əlaqələr bu gün dövlətlərarası münasibətlərin inkişafında mühüm rol oynayır. İki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və təhsil sahələri ilə yanaşı, dini tolerantlığın təşviqi və mədəniyyətlərarası dialoqun gücləndirilməsi istiqamətində də genişlənir.
Bunu Özbəkistan Respublikası Prezidentinin Din və Təhsil Məsələləri üzrə müşaviri Müzəffər Kamilov VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Dinlərarası dialoq: ortaq gələcəyə doğru yol xəritəsi” adlı paneldə deyib.
Müzəffər Kamilov çıxışında Azərbaycan və Özbəkistan xalqlarını birləşdirən çoxəsrlik tarixi əlaqələrdən, ortaq mənəvi dəyərlərdən və dostluq münasibətlərindən danışıb. O bildirib ki, xalqlar arasında qarşılıqlı hörmətin qorunması və tarixi-mədəni irsin yaşadılması iki ölkə arasındakı münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir.
O, Bakı və Daşkənddə böyük mütəfəkkirlər Nizami Gəncəvi və Əlişir Nəvainin xatirəsinin əbədiləşdirilməsini xalqlar arasında mənəvi yaxınlığın və qarşılıqlı ehtiramın nümunəsi kimi dəyərləndirib. Qeyd edib ki, bu cür mədəni əlaqələr Azərbaycan və Özbəkistan xalqlarının ortaq tarixi irsinin gələcək nəsillərə çatdırılması baxımından da əhəmiyyətlidir.
Özbəkistan rəsmisinin sözlərinə görə, son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin siyasi iradəsi nəticəsində iki ölkə arasındakı münasibətlər yeni inkişaf mərhələsinə yüksəlib. Strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə keçid dövlətlər arasında əməkdaşlığın daha da dərinləşməsinə imkan yaradıb.
Müzəffər Kamilov xatırladıb ki, 2023-cü ildə strateji tərəfdaşlığın möhkəmləndirilməsinə dair Bəyannamə, 2024-cü ildə isə müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb. Onun sözlərinə görə, bu sənədlər iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi və müxtəlif sahələrdə birgə fəaliyyətin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
O bildirib ki, Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq siyasi və iqtisadi sahələrlə yanaşı, təhsil və digər istiqamətlərdə də ardıcıl şəkildə inkişaf edir. Bununla yanaşı, dini tolerantlığın təşviqi və dinlərarası dialoqun genişləndirilməsi də ikitərəfli münasibətlərin vacib istiqamətlərindən biridir.
Müzəffər Kamilov diqqətə çatdırıb ki, müasir dünyada dinlərarası ziddiyyətlərin və qarşıdurmaların artdığı bir şəraitdə tolerantlıq, qarşılıqlı anlaşma və həmrəylik kimi ümumbəşəri dəyərlərin təbliği xüsusi aktuallıq kəsb edir.
O, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin 2025-ci ildə Səmərqənddə keçirilən UNESCO Baş Konfransının 43-cü sessiyasında tolerantlıq və dinlərarası həmrəyliyin təşviqinin əhəmiyyətini vurğuladığını xatırladıb. Bildirib ki, bu dəyərlərin qorunması və geniş yayılması beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi baxımından vacibdir.
Azərbaycan Prezidenti İlham Əliyevin də mədəniyyətlərarası dialoqun gücləndirilməsinə və dini liderlərin sülhün təşviqində roluna xüsusi önəm verdiyini qeyd edən Kamilov bu istiqamətdə beynəlxalq təşəbbüslərin əhəmiyyətini vurğulayıb.
O əlavə edib ki, mədəniyyətlərarası dialoq yalnız fərqli dinlərə və mədəniyyətlərə mənsub insanlar arasında anlaşmanın gücləndirilməsi ilə məhdudlaşmamalı, həm də qlobal problemlərin birgə həlli üçün real əməkdaşlıq imkanları yaratmalıdır.
Müzəffər Kamilovun fikrincə, Birləşmiş Millətlər Təşkilatının qlobal sülhün təmin edilməsində mühüm rolu var. Beynəlxalq təşkilatların, dini liderlərin və ictimai xadimlərin birgə səyləri qarşılıqlı etimadın möhkəmləndirilməsinə, münaqişələrin qarşısının alınmasına və daha təhlükəsiz dünyanın qurulmasına töhfə verə bilər.
O vurğulayıb ki, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu fərqli mədəniyyətlər və dinlər arasında körpülərin qurulması, ortaq problemlərə birgə həll yollarının tapılması və gələcək nəsillər üçün sülh şəraitinin yaradılması baxımından mühüm platformadır.