Fransada gözyaşardıcı qazların qadın sağlamlığına təsirinin araşdırılması tələb olunur

Paris, 27 oktyabr, AZƏRTAC Fransada “Lacrymo de sang” adlı vətəndaş təşəbbüsü gözyaşardıcı qazların qadınların ginekoloji sağlamlığına mümkün təsiri ilə bağlı elmi araşdırmanın aparılmasını tələb edir.AZƏRTAC xəbər verir ki, məsələ bu ölkədə keçirilən etiraz aksiyalarında qadınlara qarşı gözyaşardıcı qazdan istifadə olunduqdan sonra onların səhhətində yaranan problemlərlə əlaqədar gündəmə gəlib. Məsələnin indiyədək kifayət qədər araşdırılmadığını vurğulayan kollektiv bu hallarla gözyaşardıcı qazın təsiri arasında səbəb-nəticə əlaqəsinin olub-olmadığını müəyyənləşdirmək üçün aidiyyəti dövlət qurumlarını genişmiqyaslı elmi tədqiqat aparmağa çağırıb.Hələlik gözyaşardıcı qazlara məruzqalma ilə qeyd olunan ginekoloji problemlər arasında səbəb-nəticə əlaqəsi elmi şəkildə təsdiqlənməyib. Kollektiv bu əlaqənin araşdırılması məqsədilə zərərçəkənlərin rəylərini toplamağa davam edir.