Astara, 27 oktyabr, AZƏRTAC
Astarada kivi yığımı sürətlə davam etsə də, məhsulun satışında yaranan problemlər təsərrüfatçıları ciddi narahat edir. Bazarlarda həm alıcı azdır, həm də qiymətlər aşağıdır. Bu da bağ sahiblərini çətin vəziyyətə salıb. Fermerlər ilboyu çəkdikləri zəhmətin və xərclərin qarşılığını ala bilmədiklərindən gileylənirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aqrotexniki qulluqdan tutmuş məhsul yığımına qədər kifayət qədər vaxt və vəsait sərf edən yerli istehsalçılar hazırkı satış durğunluğuna görə zəhmətlərinin hədər getməsindən narahatdırlar.
Bağ sahibi Qorxmaz Fərhadovun sözlərinə görə, satış məsələsi əsas problemdir. Bildirir ki, fermer üçün yalnız bol məhsul yetişdirmək kifayət etmir, eyni zamanda, həmin məhsulu vaxtında və sərfəli qiymətə satmaq da vacibdir. Alıcı azlığı isə yığılan kivinin satışını ləngidir.
Fermer qeyd edir ki, məhsulun 1 kiloqramını 1 manata təklif etsələr də alıcı tapılmır. Bundan əlavə bağlara qulluq, suvarma, gübrələmə və digər təsərrüfat işləri müəyyən xərclər tələb edir. Məhsulun bazarda ucuz qiymətə təklif olunması bu xərclərin ödənilməsini çətinləşdirir. Belə vəziyyətdə fermer həm məhsulun yığımını davam etdirməli, həm də onun satışını təşkil etməyə çalışmalıdır.
Digər bağ sahibi Cavid Fərhadov da mövcud vəziyyətin fermerlər üçün çətinlik yaratdığını deyir. Onun sözlərinə görə, məhsula alıcı tapılmaması və qiymətlərin aşağı olması təsərrüfat sahiblərinin gəlirlərinə birbaşa təsir göstərir. Fermerlər məhsulun yetişdirilməsinə çəkdikləri xərcləri qarşılamaqla yanaşı, növbəti mövsüm üçün də təsərrüfatlarını qoruyub saxlamağa çalışırlar.
Cavid Fərhadov vurğulayıb ki, məhsulun satışının zəif olması yığım mövsümündə əlavə problemlər yaradır. Fermerlər üçün əsas məsələlərdən biri yetişmiş kivinin vaxtında alıcıya çatdırılmasıdır. Satışın ləngiməsi isə məhsulun təsərrüfatdan bazara çıxarılmasını çətinləşdirir.
Fermerlər mövcud vəziyyətin yaxşılaşması üçün məhsula tələbatın artmasını, alıcıların çoxalmasını və satış imkanlarının genişlənməsini vacib hesab edirlər. Onların fikrincə, yetişdirilən məhsulun münasib qiymətə satılması fermerlərin çəkdiyi zəhmətin qarşılığını almasına və gələcək mövsümlərdə istehsalı davam etdirməsinə kömək edə bilər.
Mütəxəssislər isə bildirirlər ki, kivi tez xarab olan subtropik meyvə olduğundan, yığım dövründə bazarda yaranan bolluq qiymətlərin kəskin enməsinə və məhsul itkisinə gətirib çıxarır. Onların sözlərinə görə, problemin birdəfəlik həlli üçün regionda müasir soyuducu anbar infrastrukturunun genişləndirilməsi, məhsulun çeşidlənməsi və qablaşdırılması xətlərinin qurulması, eləcə də fermerlərin ixrac bazarlarına və iri ticarət şəbəkələrinə çıxışı vacib şərtdir. Eyni zamanda, bağ sahiblərinin kooperativlərdə birləşməsi və yerli emal müəssisələrinin imkanlarından istifadə olunması təkcə mövsümi riskləri azaltmaz, həm də fermer əməyinin iqtisadi səmərəsini artıraraq sahənin gələcək inkişafına təkan verər.
Astara Rayon Statistika İdarəsindən verilən məlumata görə, Astarada kivi bağlarının ümumi sahəsi 162,4 hektardır. Bunun 117,8 hektarı məhsuldar sahələrdir. 2025-ci ildə rayondakı kivi bağlarından 819,4 ton məhsul yığılıb, orta məhsuldarlıq hər hektardan 7 ton təşkil edib.