Qazaxıstanın Almatı şəhərində ən azı bir Škoda dilerinin Rusiya vətəndaşlarına avtomobil satışına qeyri-rəsmi qadağa qoyulub.
“Mash Money” maliyyə teleqram kanalının məlumatına görə, Qazaxıstanda yaşayış yeri və qeydiyyatı olan Rusiya vətəndaşlarına da avtomobil satılmır.
Kanalın məlumatına əsasən, dilerin əməkdaşları imtinanı Avropa İttifaqının sanksiyaları və Çexiya avtomobil istehsalçısının siyasəti ilə izah edirlər. Hətta milyonlarla təngə dəyərində olan avtomobil satışları da dayandırılır.
Qeyd olunur ki, Qazaxıstandakı dilerlər 2023-cü ilin yanvarında da Rusiya vətəndaşlarına avtomobil satışını məhdudlaşdırıblar. Həmin vaxt bəzi avtosalonlar müştərilərdən yaşayış icazəsi və ya Qazaxıstanın fərdi identifikasiya nömrəsini tələb edirdilər.
Milli Avtomobil İttifaqının vitse-prezidenti Anton Şaparin bu cür məhdudiyyətləri siyasi qərarla əlaqələndirib. Onun fikrincə, avtosalonlar bu satışların sanksiyalardan yayınma kimi qiymətləndiriləcəyi və istehsalçıların avtomobil tədarükünü dayandıracağı ehtimalından ehtiyat edirlər.