Bakı, 27 oktyabr, AZƏRTAC Oktyabrın 27-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Ortaq gələcək naminə dialoq” VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Parçalanmış dünyada humanitar elmlərin missiyası” mövzusunda Akademik Forumun açılışı olub.AZƏRTAC xəbər verir ki, forumun açılış mərasimində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, mədəniyyət nazirinin müavini Səadət Yusifova, Avstraliyanın Deakin Universitetinin Mədəni Müxtəliflik və Sosial Ədalət üzrə UNESCO kafedrasının rəhbəri professor Fateh Mansouri və Asiyada Elmlər Akademiyaları və Cəmiyyətləri Assosiasiyasının prezidenti professor Ahmet Nuri Yurdusev çıxış edirlər.Akademik Forumda müasir dünyada humanitar elmlərin rolu, mədəniyyətlərarası dialoqun inkişafı və müxtəlif cəmiyyətlər arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi məsələləri müzakirə olunur.Forum humanitar elmlərin müasir qlobal çağırışların dərk edilməsi və həllində rolunun müzakirəsi, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, eləcə də müxtəlif ölkələrin alimləri arasında fikir mübadiləsinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Tədbir, həmçinin mədəni müxtəlifliyin qorunmasına, ortaq humanitar dəyərlərin təşviqinə və davamlı dialoq mühitinin formalaşdırılmasına töhfə verməyi hədəfləyir. Müxbir - Tünzalə Arazlı Fotoqraf - Azər İbrahimov Videooperator - Namiq Abdullayev