Bakı, 27 oktyabr, AZƏRTAC İrqçilik və ayrı-seçkilik yalnız real həyatda deyil, rəqəmsal mühitdə, o cümlədən sosial şəbəkələrdə və müxtəlif internet platformalarında da özünü göstərir. Bu səbəbdən rəqəmsal texnologiyaların inkişafı zamanı ayrı-seçkilik risklərinin əvvəlcədən nəzərə alınması və onların qarşısının alınması üçün müvafiq mexanizmlərin yaradılması xüsusi əhəmiyyət daşıyır.AZƏRTAC xəbər verir ki, bunu “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Mədəniyyətlərarası rəqəmsal gələcək: rəqəmsallaşma və süni intellekt dövrünə qədəm qoyan cəmiyyətlər üçün mədəniyyətlərarası rəqəmsal səriştələr” adlı plenar iclasda Deakin Universitetinin nümayəndəsi Amanuel Elias deyib.O bildirib ki, irqçilik və ayrı-seçkiliyin əsasını qərəzli yanaşmalar, stereotiplər və cəmiyyətdə mövcud olan sosial bərabərsizliklər təşkil edir. Bu halların qarşısının alınması üçün insanların fərqli mədəniyyətlərə və baxışlara hörmətlə yanaşması, öz düşüncə və davranışlarını tənqidi qiymətləndirməsi vacibdir.“İrqçiliyə qarşı mübarizə yalnız ayrı-seçkilik halları baş verdikdən sonra onlara reaksiya verməklə məhdudlaşmamalıdır. Rəqəmsal platformalar və süni intellekt məhsulları hazırlanarkən bu risklər əvvəlcədən nəzərə alınmalıdır. Əsas məqsəd problemlər yarandıqdan sonra onları aradan qaldırmaq deyil, onların yaranmasının qarşısını almaqdır”, – deyə A.Elias vurğulayıb.O əlavə edib ki, mədəniyyətlərarası rəqəmsal səriştələrin inkişafı stereotiplərin aradan qaldırılmasına, qarşılıqlı anlaşmanın gücləndirilməsinə və daha inklüziv rəqəmsal mühitin formalaşmasına mühüm töhfə verə bilər. Müxbirlər - Günel Alıyeva, Pərvanə Qafarova Fotoqraf - Səfiyar Məcnun Video - Ceyhun Mustafayev