Son illərdə qəbul edilən "Azərbaycan Mədəniyyəti 2040" konsepsiyası, qanunvericilik bazasının təkmilləşdirilməsi və tətbiq olunan stimullaşdırıcı mexanizmlər sayəsində yaradıcı sənayelərin ÜDM-dəki payı artıq 1%-ə çatdırılıb.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə Kino Agentliyinin (ARKA) baş direktoru Rəşad Əzizov çərşənbə axşamı günü VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Biznes dialoqu” adlı panel sessiyasında çıxışı zamanı deyib.
O qeyd edib ki, bu gün beynəlxalq əlaqələrin qurulmasında sahibkarların, yaradıcı şəxslərin və innovatorların rolu müstəsnadır.
“Müxtəlif ölkələrdən olan insanları ortaq biznes və layihələr ətrafında birləşdirən sahibkarlar, əslində, özünəməxsus bir "iqtisadi diplomatiya" həyata keçirirlər. Onlar yalnız məhsul və xidmət yaratmır, mədəniyyətlər arasında körpülər salır və əməkdaşlığın hər iki tərəf üçün faydasını nümayiş etdirirlər.
Bu gün keçirilən Biznes Dialoq Paneli sadəcə müzakirə meydançası deyil, yeni yaradıcı məhsulların yaranması, birgə layihələrin həyata keçirilməsi və gələcək tərəfdaşlıqların təməlinin qoyulması üçün mühüm imkandır”,- deyə o bildirib.
Qeyd edək ki, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu oktyabrın 27–29-da Bakıda “Ortaq gələcək naminə dialoq: parçalanmış dünyada körpülərin qurulması” mövzusunda keçirilir.
Forum Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə irəli sürülən Bakı Prosesinin əsas beynəlxalq tədbiridir. İlk dəfə 2011-ci ildə təşkil olunan forum ölkələri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini mədəniyyətlərarası dialoq və əməkdaşlıq ətrafında bir araya gətirir.
Forumun proqramına sülh və təhlükəsizlik, mədəniyyətlərarası və dinlərarası dialoq, gənclərin rolu, süni intellekt, yaradıcı iqtisadiyyat, media, mədəni irs və turizm kimi mövzularda müzakirələr daxildir.