Azərbaycan Ermənistan Konstitusiyasının dəyişdirilməsini iki ölkə arasında sülh sazişinin imzalanması üçün əsas şərt hesab edir və bu tələbi ifrat hesab etmək olmaz.
"Report"un Avropa bürosunun məlumatına görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTMM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Brüsseldə yerləşən Eqmont İnstitutunda Azərbaycan və Avropa İttifaqının beyin mərkəzlərinin forumunda bildirib.
"Konstitusiyanın aydınlığı sülhə maneə deyil. Bu, davamlı sülhün qurulduğu təməldir. Müqavilə ona zidd olan konstitusiya ilə birgə mövcud ola bilməz", - Şəfiyev bildirib.
Onun sözlərinə görə, Bakı və İrəvan arasında sülh sazişinin mətni artıq razılaşdırılıb, lakin onun imzalanması üçün Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaları aradan qaldırmalıdır.
"Bəziləri bunu ifrat tələb hesab edir. Lakin mən avropalı dostlarımızı sülh yolu ilə nizamlanma sahəsindəki öz təcrübələrinə nəzər salmağa çağırardım", - o vurğulayıb.
Şəfiyev İrlandiya konstitusiyasında dəyişikliklərlə müşayiət olunan Belfast sazişini, həmçinin Yunanıstanla mübahisənin nizamlanması çərçivəsində konstitusiyasını dəyişdirən Şimali Makedoniyanı nümunə gətirib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan üçüncü tərəflərin vasitəçiliyi olmadan, birbaşa danışıqlar aparmaq iqtidarındadır: "Azərbaycan üçüncü tərəflərin vasitəçiliyinə can atmır. İki ölkə birbaşa danışıqlar apara və nəticələr əldə edə bildiklərini nümayiş etdiriblər".
Bununla yanaşı, o, bəzi siyasi dairələr, o cümlədən Avropadakı erməni diasporunun nümayəndələri tərəfindən sülh prosesinə qarşı müqavimətin olduğunu vurğulayıb. Bununla əlaqədar Şəfiyev onların mövcud normallaşma imkanını poza bilməyəcəklərinə ümidvar olduğunu bildirib.
"Nəticə etibarilə məsuliyyət iki ölkənin hökumətlərinin üzərinə düşür, lakin qeyd olunan istiqamətlərdə yardım və dəstək də çox vacibdir", - o qeyd edib.