Niderland Ermənistan və Azərbaycana itkinlər üçün pul ayıracaq - Nazir

Niderland Ermənistan və Azərbaycana itkin düşmüş şəxslərin axtarışı işlərinə dəstək məqsədilə yeni maliyyə yardımı göstərəcək. Söhbət Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxslərin axtarışından gedir.

Bunu Niderlandın xarici işlər naziri Tom Berendsen oktyabrın 27-də İrəvanda açıqlayıb.

Nazir iki ölkənin münasibətlərin normallaşdırılması istiqamətində atdığı addımları alqışladıqlarını bildirib.

“Prosesin sülh sənədinin imzalanması ilə başa çatması çox vacibdir”, – deyə Tom Berendsen vurğulayıb.

O, həmçinin itkin düşmüş şəxslərin axtarışı üçün hər iki ölkəyə yeni maliyyə yardımı göstəriləcəyini vəd edib.

Niderlandlı nazir Ermənistan xalqının sülhə doğru irəliləmək qərarını alqışlayıb. O, eyni zamanda, ölkənin Avropa ailəsi ilə daha sıx əməkdaşlığa can atmasını dəstəklədiyini bildirib.

Tom Berendsenin sözlərinə görə, sülhün bərqərar olması prosesində tərəflər arasında etimad körpülərinin qurulması mühüm əhəmiyyət daşıyır.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə itkin düşmüş şəxslər məsələsinin həm Ermənistan, həm də Azərbaycan üçün həssas olduğunu qeyd edib. O, prosesdə üçüncü tərəflərin və tərəfdaşların iştirakının vacibliyini vurğulayıb.