ABŞ-nin Kaliforniya ştatında fəaliyyət göstərən müstəqil “Maskomania News” media platforması Azərbaycan Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafanın ölkəmizin xarici siyasəti, milli təhlükəsizliyi və regionda formalaşan yeni geosiyasi reallıqlarla bağlı geniş müsahibəsini yayımlayıb.
26 oktyabr 2026-cı ildə jurnalist Fərhad Elmarın imzası ilə ingilis dilində dərc olunan müsahibə “Fazil Mustafa on Azerbaijan’s Foreign Policy and Security” (“Fazil Mustafa Azərbaycanın xarici siyasəti və təhlükəsizliyi haqqında”) adlanır.
Müsahibədə Azərbaycanın Türkiyə, İsrail, İran və Rusiya ilə münasibətləri, Güney Qafqazın təhlükəsizlik arxitekturası, dünyəvi dövlətçilik modeli, İrandakı azərbaycanlıların milli-mədəni hüquqları, parlament diplomatiyası, eləcə də ölkəmizin qarşıdakı onillik üçün strateji prioritetləri əhatəli şəkildə təhlil edilir.
Fazil Mustafa Azərbaycan–Türkiyə münasibətlərinə toxunaraq bildirir ki, Ümummilli lider Heydər Əliyevin siyasi irsində xüsusi yer tutan “Bir millət, iki dövlət” prinsipi ortaq tarixi-mədəni kimliklə yanaşı, hər iki dövlətin müstəqil qərarvermə hüququnu da ehtiva edir.
Komitə sədrinin fikrincə, Azərbaycanın İsraillə əməkdaşlığını Türkiyə ilə strateji müttəfiqliyinə alternativ kimi təqdim etmək yanlışdır. O vurğulayır ki, strateji müttəfiqlik bütün beynəlxalq məsələlərdə eyni mövqedən çıxış etmək məcburiyyəti yaratmır; fərqli mövqeləri qarşılıqlı güvən və ortaq maraqlar əsasında uzlaşdırmaq mümkündür.
Müsahibədə Azərbaycanın Türkiyə ilə İsrail arasında diplomatik dialoqa töhfə vermək imkanları da qiymətləndirilir. Fazil Mustafa bu məsələdə ehtiyatlı, mərhələli və nəticəyönlü yanaşmanın, o cümlədən səssiz diplomatiyanın önəmini önə çəkir.
Müsahibənin diqqətçəkən bölmələrindən biri İranın siyasi gələcəyi və bunun Azərbaycanın milli təhlükəsizliyinə mümkün təsirlərinə həsr olunub.
Fazil Mustafa bildirir ki, Azərbaycan üçün arzuolunan qonşu nə zəif və xaotik, nə də ekspansionist siyasət yürüdən İrandır. Əsas məsələ beynəlxalq hüquqa sayğı duyan, qonşularının suverenliyini tanıyan, sabit və praqmatik dövlət modelidir.
İranda yaşayan milyonlarla azərbaycanlının ana dili, təhsil və mədəni hüquqları məsələsinə də ayrıca toxunulub. Komitə sədri bu hüquqların müdafiəsinin universal insan hüquqları müstəvisində aparılmasının vacibliyini vurğulayır. Bu baxımdan BMT, UNESCO və beynəlxalq parlament əməkdaşlığı mexanizmlərinin imkanlarına diqqət çəkir.
Müsahibədə Azərbaycanın dünyəvi dövlət modeli, vicdan azadlığı və xarici dini-siyasi təsirlərlə bağlı məsələlər də geniş yer tutur.
Fazil Mustafa dini inancla siyasi radikalizmin fərqləndirilməsini, təhlükəsizlik tədbirlərinin hüquqi dövlət prinsipləri ilə uzlaşdırılmasını və maarifləndirmənin gücləndirilməsini zəruri sayır.
O, Azərbaycan Xalq Cümhuriyyətinin maarifçilik irsinə istinad edərək dünyəviliyin milli dövlətçilik tariximizin önəmli uğurlarından biri olduğunu bildirir.
Müsahibədə Rusiyanın Güney Qafqazdakı gələcək siyasətinin mümkün ssenariləri, regional güc balansı və Azərbaycanın müstəqil strateji seçimləri də nəzərdən keçirilir.
Fazil Mustafa hesab edir ki, regionun təhlükəsizliyi yalnız böyük dövlətlərin rəqabətindən asılı olmamalı, Güney Qafqaz ölkələrinin öz aralarında formalaşdırdığı dayanıqlı münasibətlər sisteminə əsaslanmalıdır.
Komitə sədri parlamentin xarici siyasət və milli təhlükəsizlik sahəsində analitik imkanlarının artırılması, ekspert institutları ilə əməkdaşlığın genişləndirilməsi və parlament diplomatiyasının daha da inkişaf etdirilməsi barədə fikirlərini də bölüşür.
Müsahibənin yekun hissəsində Azərbaycanın gələcək on il üçün üç əsas strateji istiqaməti fərqləndirilir:
-Dövlət suverenliyinin dönməzliyinin təmin edilməsi və regional təhlükəsizlik sistemində müstəqil mövqeyin möhkəmləndirilməsi;
-Elmi-texnoloji, iqtisadi və institusional təhlükəsizliyin gücləndirilməsi;
-Milli kimliyin, dünyəvi dövlətçilik modelinin və ictimai dayanıqlılığın qorunması.
Fazil Mustafa özəllikə intellektual təhlükəsizlik, strateji düşüncə mədəniyyəti, süni intellekt, kibertəhlükəsizlik, keyfiyyətli təhsil və insan kapitalı məsələlərini gələcəyin əsas çağırışları sırasında göstərir.
Onun yanaşmasına görə, Azərbaycanın tarixi Zəfərinin yaratdığı imkanlar uzunmüddətli intellektual, iqtisadi və institusional üstünlüyə çevrilməlidir.
Müsahibənin tam mətni (ingiliscə):