Azərbaycanda rəqəmsal bacarıqların inkişafı istiqamətində həyata keçirilən proqramları indiyədək 11 mindən çox insan bitirib.
Trend-in sessiyada iştirak edən müxbiri xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov çərşənbə axşamı Bakıda keçirilən “Rəqəmsal bacarıqlar: bu günün nəticələri, sabahın imkanları” mövzusunda tədbirdə deyib.
Onun sözlərinə görə, texnologiyaların sürətli inkişafı yalnız yeni texnoloji imkanların yaranması ilə məhdudlaşmır, eyni zamanda əmək bazarına ciddi təsir göstərir, cəmiyyətdə müxtəlif prosesləri sürətləndirir və işçi qüvvəsinə olan tələbləri dəyişir. Buna görə də rəqəmsal transformasiyanın uğurlu həyata keçirilməsi üçün texnoloji infrastrukturun inkişafı ilə yanaşı, insan kapitalına investisiyaların artırılması da vacibdir.
R.Bayramov qeyd edib ki, rəqəmsal inkişafı yalnız infrastruktura investisiya qoyuluşu kimi qiymətləndirmək məsələyə birtərəfli yanaşmaq deməkdir. Yeni texnologiyaların yaradılması ilə yanaşı, onların mənimsənilməsi, düzgün tətbiqi və cəmiyyətin rifahına töhfə verməsi üçün müvafiq bilik və bacarıqlara malik mütəxəssislərin hazırlanması zəruridir.
“Burada söhbət təkcə İT mütəxəssislərinin hazırlanmasından getmir. Müxtəlif sahələrdə çalışan insanların rəqəmsal savadlılığının və bacarıqlarının artırılması, onların yeni texnologiyalardan səmərəli istifadə etmələrinin təmin olunması da əsas hədəflərdəndir”, – deyə o bildirib.
Nazir müşaviri vurğulayıb ki, insan kapitalının inkişafı rəqəmsal inkişaf konsepsiyasında və Azərbaycan Prezidentinin imzaladığı müvafiq fəaliyyət planlarında əsas istiqamətlərdən birini təşkil edir.
O əlavə edib ki, rəqəmsal bacarıqların inkişafı üzrə proqramların ölkə regionlarını əhatə etməsi əhalinin bu sahədə bilik və imkanlara çıxışının genişləndirilməsi baxımından əhəmiyyətlidir.
“Bu gün tədbirə ev sahibliyi edən agentlik təkcə Bakıda deyil, ölkənin 40-a yaxın regionunda 20-dən çox proqram həyata keçirib və həmin proqramları 11 mindən çox insan bitirib”, – deyə R.Bayramov qeyd edib.
Onun sözlərinə görə, beynəlxalq texnologiya şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməsi və tədris mərkəzlərinin yaradılması yerli kadrların inkişafına, onların praktiki bilik və təcrübə qazanmasına əlavə imkanlar yaradır. Andersen, EPAM və Starship kimi şirkətlərin fəaliyyəti bu baxımdan əhəmiyyətlidir.
R.Bayramov bildirib ki, əsas məqsədlərdən biri gənclərin və mütəxəssislərin qazandıqları bilikləri real iş mühitində tətbiq etmələrinə, şirkətlərdə çalışaraq məhsulların hazırlanmasında iştirak etmələrinə şərait yaratmaqdır. Bu, onların peşəkar bacarıqlarının inkişafına və əmək bazarının tələblərinə uyğunlaşmasına kömək edir.
Nazir müşaviri insan kapitalının inkişafının uzunmüddətli proses olduğunu da diqqətə çatdırıb. Onun sözlərinə görə, bu sahədə mövcud ehtiyacları qısa müddətdə tam qarşılamaq mümkün deyil və bu gün edilən investisiyalar gələcəkdə nəticə verəcək.
O vurğulayıb ki, rəqəmsal transformasiyanın genişləndirilməsi və əhalinin rəqəmsal biliklərinin artırılması yalnız dövlət qurumlarının səyləri ilə mümkün deyil.
“Cəmiyyətin rəqəmsal transformasiyasında və rəqəmsal biliklərin artırılmasında təkcə dövlət qurumlarının rolu kifayət deyil. Bu istiqamətdə dövlət qurumlarının, özəl sektorun və media təşkilatlarının birgə fəaliyyəti mühüm əhəmiyyət daşıyır”, – deyə R.Bayramov bildirib.