ABŞ-ın sosial media və süni intellekt texnologiyaları sahəsində fəaliyyət göstərən “Meta Platforms” şirkəti süni intellekt infrastrukturuna investisiyalarını maliyyələşdirmək üçün 95 milyard dollara qədər kapital cəlb etməyi planlaşdırır.
“Bloomberg” agentliyi şirkətin oktyabrın 26-da yaydığı açıqlamaya istinadən məlumat yayıb.
Plana əsasən, “Meta” ilkin mərhələdə təxminən 35 milyard dollarlıq adi və imtiyazlı səhmlərini satışa çıxarır. Bunun 22,5 milyard dolları A kateqoriyalı adi səhmlərin, 12,5 milyard dolları isə gələcəkdə adi səhmlərə çevrilməsi nəzərdə tutulan imtiyazlı səhmlərin payına düşür.
Şirkət əlavə olaraq 60 milyard dollara qədər vəsait cəlb etmək üçün birjada mərhələli səhm satışı proqramı yaratmağı planlaşdırır. Bu proqramın 2027-ci ilin birinci rübündən tez başlaması gözlənilmir.
Maraqlıdır ki, süni intellekt çipləri istehsalçıları da “Meta”ya investisiya yatırmağa hazırlaşırlar.
ABŞ-ın yarımkeçirici və süni intellekt çipləri istehsal edən “Nvidia”, “Advanced Micro Devices” (AMD) və “Broadcom” şirkətləri ümumilikdə 5 milyard dollara qədər “Meta” səhmi almaqda maraqlı olduqlarını bildiriblər.
Lakin bu, hələ məcburi investisiya öhdəliyi deyil. Şirkətlər yekun mərhələdə daha az səhm ala və ya ümumiyyətlə alışdan imtina edə bilərlər.
Əldə olunacaq vəsaitlər məlumat mərkəzlərinin tikintisinə, hesablama gücünün artırılmasına, bulud infrastrukturuna və fərdiləşdirilmiş süni intellekt sistemlərinin inkişafına yönəldiləcək.
“Meta”nın baş direktoru Mark Zukerberq son dövrlərdə süni intellekt yarışında üstünlük qazanmaq üçün investisiyaları əhəmiyyətli dərəcədə artırıb.
Şirkətin 2026-cı il üzrə kapital xərclərinin 135–145 milyard dollara çatacağı gözlənilir. Halbuki əvvəlki proqnozun aşağı həddi 130 milyard dollar idi.
Bu investisiyalar şirkətin pul axınına da təsir göstərir. Üçüncü rübdə “Meta”nın sərbəst pul axını mənfi 2,12 milyard dollar olub. Ötən ilin eyni dövründə isə 10,63 milyard dollarlıq müsbət göstərici qeydə alınmışdı.
Sentyabrın 30-na şirkətin pul vəsaitləri, onların ekvivalentləri və bazarda satıla bilən qiymətli kağızlarının ümumi dəyəri 82,45 milyard dollar, uzunmüddətli borcları isə 80,92 milyard dollar təşkil edib.
Bununla belə, “Meta”nın gəlirləri artmaqda davam edir. Üçüncü rübdə şirkətin gəliri illik müqayisədə 26% yüksələrək 64,6 milyard dollara çatıb.
Şirkət hesab edir ki, süni intellektə yatırımlar artıq istifadəçi fəallığını artırır, reklamların effektivliyini yüksəldir və yeni gəlir imkanları yaradır.
Qeyd edək ki, 95 milyard dollar hələ tam cəlb edilmiş kapital deyil. Məbləğ hazırda başladılan 35 milyard dollarlıq səhm təklifini və gələcəkdə həyata keçirilməsi planlaşdırılan 60 milyard dollarlıq proqramı əhatə edir.