Azərbaycanda bir sıra məhsulların idxal hesabına təmin edilməsi xarici bazarlarda baş verən dəyişikliklərin daxili qiymətlərə təsirini gündəmə gətirir. İxracatçı ölkələrdə istehsal xərclərinin artması, valyuta məzənnələrində dəyişikliklər və logistika problemləri idxal məhsullarının qiymətinə təsir göstərə bilər. Bu vəziyyət yerli istehsalın genişləndirilməsinin və daxili bazarın dayanıqlığının artırılmasının əhəmiyyətini ön plana çıxarır. Bəs idxaldan asılılığın azaldılması Azərbaycanda qiymət sabitliyinin qorunmasına necə təsir göstərə bilər? İdxaldan asılılıq yerli bazarda qiymət dəyişikliklərini hansı mexanizmlərlə sürətləndirir?
Mövzu ilə bağlı Medianews.az-a açıqlama verən Crypto Consulting MMC-nin direktoru, kriptoinvest.az portalının rəhbəri və UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyev bildirib ki, idxaldan asılılığın daxili qiymətlərə təsiri ilk növbədə xarici bazarlarda yaranan qiymət dəyişikliklərinin ölkə daxilindəki istehlakçılara ötürülməsi ilə bağlıdır.
Onun sözlərinə görə, idxal məhsullarının qiyməti yalnız istehsalçı ölkədəki xərclərdən deyil, həm də valyuta məzənnələrindən, daşınma və sığorta xərclərindən, təchizat zəncirindəki fasilələrdən asılıdır:
“Bu amillər dəyişdikdə, alternativ yerli məhsulların və təchizat mənbələrinin məhdudluğu qiymət artımlarının daxili bazara daha sürətlə ötürülməsinə səbəb ola bilər. Buna görə də yerli istehsalın inkişafı yalnız iqtisadi artım deyil, həm də qiymət sabitliyi və iqtisadi təhlükəsizlik məsələsidir. Burada əsas məsələ idxalı tamamilə məhdudlaşdırmaq deyil, daxili bazarda rəqabətqabiliyyətli istehsal imkanlarını genişləndirməkdir. Əgər müəyyən məhsul Azərbaycanda keyfiyyət və həcm baxımından yerli tələbatı ödəyə biləcək səviyyədə istehsal olunursa, həmin sahənin xarici rəqabət qarşısında qorunması üçün diferensial gömrük rüsumları kimi mexanizmlərdən istifadə edilə bilər. Məsələn, konkret məhsul qrupu üzrə idxala 20–30 faiz əlavə rüsum tətbiqi yerli istehsalçının rəqabət mövqeyini gücləndirə bilər. Lakin belə qərarlar məhsulun maya dəyəri, daxili istehsalın həcmi, bazardakı rəqabət və istehlak qiymətlərinə mümkün təsirlər təhlil edildikdən sonra verilməlidir. Əks halda, qoruyucu tədbirlər qiymət artımına və rəqabətin zəifləməsinə səbəb ola bilər”.
Ekspert qeyd edib ki, eyni zamanda, yerli məhsulun istehsal edilməsi onun avtomatik olaraq bazarda uğur qazanması demək deyil:
“Sahibkarın istehsal gücü olsa belə, maliyyələşmə, xammal təminatı, müasir texnologiyalar, satış şəbəkələri və ixrac bazarlarına çıxışla bağlı çətinlikləri ola bilər. Buna görə dövlət dəstəyi yalnız güzəştli kreditlər və subsidiyalarla məhdudlaşmamalıdır. Yerli istehsalçıların iri ticarət şəbəkələrinə çıxışının asanlaşdırılması, ixrac prosedurlarında dəstək, beynəlxalq sərgilərdə iştirak, xarici tərəfdaşlarla əlaqələrin qurulması və məhsulların sertifikatlaşdırılması da mühüm əhəmiyyət daşıyır”.
E.Quliyev sonda əlavə edib ki, nəticə etibarilə, qiymət sabitliyinin təmin olunması üçün yerli istehsalçının qorunması ilə istehlakçının maraqları arasında düzgün tarazlıq yaradılmalıdır:
“Dövlətin məqsədi səmərəsiz istehsalı süni şəkildə qorumaq deyil, rəqabətqabiliyyətli müəssisələrin inkişafına şərait yaratmaq, alternativ təchizat mənbələrini genişləndirmək və bazarın xarici şoklara həssaslığını azaltmaq olmalıdır. Yerli istehsal gücləndikcə ölkənin idxaldan asılılığı azalır, təchizat təhlükəsizliyi artır və xarici bazarlardakı dəyişikliklərin daxili qiymətlərə təsirini yumşaltmaq üçün daha geniş imkanlar yaranır”.