Fransa maliyyə böhranının astanasındadır. Ölkənin sabiq baş naziri Mişel Barnye vəziyyətin təhlükəli həddə çatdığı barədə xəbərdarlıq edib.
Barnye bu barədə “Politico” nəşrinə açıqlamasında bildirib.
O, Parisin maliyyə bazarlarına aydın mesaj verməsinin həyati əhəmiyyət daşıdığını vurğulayıb.
“Politico” Fransanı “Avropanın ən xəstə adamı” adlandırıb. Ölkədə büdcə kəsirinin azaldılması və pensiya islahatları ilə bağlı problemlər investorların narahatlığını artırır. Marin Le Pen və Jan-Lük Melanşonun pensiya yaşını azaltmaq vədləri də bazarlarda mənfi qarşılanır.
Oktyabrın 17-18-də baş verən iğtişaşların təkrarlanmasının qarşısı alınsa da, maliyyə bazarlarında narahatlıq səngiməyib. Fransa hökumətinin adının açıqlanmasını istəməyən üzvlərindən biri vəziyyəti belə təsvir edib:
“Boğazımıza bıçaq dirənib, artıq qan damcıları axır”.
Onun sözlərinə görə, hökumətin manevr imkanları demək olar ki, tükənib.