Yaxın günlərdə İsrail və ABŞ-də keçiriləcək seçkilər regionda siyasi proseslərə və İranla münasibətlərə mümkün təsirləri baxımından diqqət çəkir.
Seçkilər ərəfəsində hər iki ölkənin İrana qarşı siyasətinin gələcək istiqaməti, eləcə də mümkün hakimiyyət dəyişikliyinin hərbi qarşıdurmaya təsiri müzakirə olunur.
Seçkilərdən sonra İrana qarşı yeni hərbi əməliyyatların başlanması və ya mümkün hücumların qarşısının alınması ehtimalı varmı? İsraildə hakimiyyət dəyişikliyi baş verərsə, bu, ölkənin İrana münasibətində ciddi dəyişikliklərə səbəb ola bilərmi?
Bu barədə politoloq Abutalıb Səmədov Sfera.az-a açıqlama verib. Onun sözlərinə görə, yaxın günlərdə İsraildə və Amerika Birləşmiş Ştatlarında keçiriləcək seçkilər İrana münasibəti kəskin şəkildə dəyişməyəcək:
“Təbii ki, bu seçkilərdə indiki kursun tərəfdarlarının məğlub olması proseslərə müəyyən qədər təsir göstərəcək. Ancaq İrana qarşı hücumlardan imtina olunması üçün İran öz mövqeyində kəskin dəyişikliyə getməlidir. Ultimatum dili ilə danışaraq, meydan oxuyaraq vəziyyətdən çıxmaq qeyri-mümkündür”.
Ekspert İranın bu məsələlərdə barışmaz mövqe tutduğunu və fikrindən dönməyəcəyini açıqlayıb:
“Həm Hörmüz boğazı ilə bağlı məsələlər həll olunmalı, yəni müharibədən əvvəlki vəziyyətə qayıdılmalı və İran ABŞ qarşısında şərtlər irəli sürməməlidir. İkincisi, nüvə danışıqları yekunlaşmalıdır. Mən hesab edirəm ki, bu məsələdə də İranın konstruktiv mövqe tutmasına ehtiyac var. Həlledici amil budur. Barışmaz mövqe tutmaqla, hədə-qorxu gəlməklə vəziyyətdən çıxmaq mümkün deyil. İsraildə seçkilərdə Netanyahu uduzarsa, təbii ki, müəyyən yumşalma mümkündür. Ola bilsin ki, yeni hökumət bu dərəcədə kəskin mövqe tutmasın. Ancaq mən hesab edirəm ki, kəskin dəyişikliyin baş verməsi qeyri-mümkündür. Eyni xətt davam edəcək.
Burada həlledici söz İsrailə deyil, Amerika Birləşmiş Ştatlarına məxsusdur. Bəli, Prezident Tramp artıq bəyan edib ki, aralıq seçkilərindən sonra İrana qarşı kəskin addımlar atılacaq. Bu addımların atılmaması, yəni hərbi zərbələrin endirilməməsi mümkündürmü? Təbii ki, mümkündür. Bunun üçün İran öz yanaşmasını, münasibətini müəyyən qədər dəyişməlidir. Çox təəssüf ki, hələlik verilən bəyanatlar bu münasibətin dəyişməsi ehtimalını xeyli azaldır. Ancaq hələ az da olsa, müəyyən qədər vaxt var. Ümid edək ki, İran reallıqları düzgün qiymətləndirəcək və mövqeyinə yenidən baxacaq”.