Azərbaycanda 68 şəhərin gələcək siması planlaşdırılıb

Azərbaycanda 79 şəhərdən 68-nin baş planı hazırlanıb və ya yenilənib. Bu şəhərlər üçün növbəti 20 ili əhatə edən inkişaf çərçivəsi müəyyənləşdirilib.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin işğaldan azad edilmiş ərazilərdə layihələrin idarə edilməsi üzrə şöbə müdiri Ramil Cahangirov beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi AIREX 2026 ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, şəhərsalma sahəsində əsas prioritetlər strateji planlaşdırma, müasir infrastrukturun yaradılması, dayanıqlı inkişafın təmin edilməsi və investisiyalar üçün əlverişli mühitin formalaşdırılmasıdır.

“İnvestorlar yalnız ayrı-ayrı binalara deyil, şəhərlərin gələcəyinə və onların inkişaf potensialına sərmayə qoyurlar. Buna görə də aydın planlaşdırma çərçivəsi və müasir infrastruktur daşınmaz əmlak bazarının inkişafında mühüm rol oynayır”, – deyə R.Cahangirov qeyd edib.

Onun sözlərinə görə, digər şəhərlərin baş planlarının hazırlanması da davam etdirilir. Bu prosesdə beynəlxalq təcrübənin və müasir şəhərsalma tendensiyalarının tətbiqi xüsusi əhəmiyyət daşıyır.

R.Cahangirov qeyd edib ki, Bakı şəhərinin 2040-cı ilədək inkişafını nəzərdə tutan baş plan bir neçə gün əvvəl təsdiqlənib. Sənəd paytaxtın çoxmərkəzli, əlaqəli və balanslaşdırılmış inkişafını hədəfləyir.

O bildirib ki, baş planda yeni şəhər mərkəzlərinin formalaşdırılması, nəqliyyat və mühəndis-kommunikasiya infrastrukturunun təkmilləşdirilməsi, eləcə də keçmiş sənaye ərazilərinin transformasiyası nəzərdə tutulub.

Şöbə müdiri Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulmasının da şəhərsalma siyasətinin mühüm istiqamətlərindən biri olduğunu vurğulayıb.

“Burada məqsədimiz yalnız yaşayış məntəqələrini bərpa etmək deyil, həm də müasir infrastruktur və dayanıqlı inkişaf prinsipləri əsasında yeni şəhərlər və iqtisadi mərkəzlər formalaşdırmaqdır”, – deyə o bildirib.

R.Cahangirovun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə 12 şəhərin baş planlarının hazırlanması istiqamətində işlər aparılır. Eyni zamanda, 100-dən çox kənd və qəsəbə üzrə ərazi planlaşdırılması işləri başa çatıb.

O əlavə edib ki, 2026-cı ilin Azərbaycanda Şəhərsalma və Memarlıq İli elan edilməsi, eləcə də may ayında Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun keçirilməsi ölkədə bu sahəyə verilən önəmin göstəricisidir.