Raket zərbələri altında hazırlıq

2027-ci ilin əvvəlində Səudiyyə Ərəbistanında keçiriləcək Asiya Kubokuna hazırlıq davam etdirilir.

Planlarını dəyişmək niyyətində olmayan yerli təşkilatçılar Yaxın Şərq regionundakı gərgin vəziyyətə baxmayaraq, turniri keçirməyə hazır olduqlarını bildiriblər. Bu da var ki, Asiya Futbol Konfederasiyasının (AFK) rəhbərliyi qitə çempionatının birillik müddətə təxirə salına biləcəyini istisna etmir. Buna səbəb kimi krallıqdakı təhlükəsizlik təhdidlərinin artıq Ciddədə keçiriləcək kiberidman üzrə dünya çempionatının finalının və “Six Kings’s Grand Slam” tennis turnirinin təxirə salınmasını qaçılmaz etməsi göstərilir.

Qitə çempionatı 2028-ci ilə ertələnə bilər

Asiya Kubokunun final mərhələsinin 2027-ci il yanvarın 7-dən fevralın 5-dək təşkili planlaşdırılır. Turnirdə 24 komanda yarışacaq və 8 stadionda ümumilikdə 51 oyun keçiriləcək. Matçlara Ər-Riyad, Ciddə və Əl-Hubar şəhərlərindəki stadionlar səhnə olacaq.

Təşkilat Komitəsi yarışa hazırlıqların təsdiq edilmiş cədvələ uyğun olaraq davam etdiyini açıqlayıb. Bu barədə SPA xəbər agentliyi məlumat yayıb. Ev sahibi olan ölkənin rəsmiləri hazırlıq prosesinin bütün sahələrdə, o cümlədən stadionlar, infrastruktur obyektləri və dəstəkləyici xidmətlər üzrə işlərin qrafikə uyğun getdiyini bəyan ediblər. Onlar AFK və digər maraqlı tərəflərlə sıx əməkdaşlığın davam etdiyini vurğulayaraq vəziyyəti izləyəcəklərini bildiriblər. Buna baxmayaraq, AFK-nın rəhbərliyi tarixin dəyişə biləcəyini istina etmir. Regional futbol təşkilatının prezidenti Salman bin İbrahim Əl-Xəlifə qitə birinciliyinin 2028-ci ilin əvvəlinə təxirə salınmasının mümkünlüyünü bildirib. Yekun qərar, çox güman ki, payızın sonunda veriləcək. İbrahim Əl-Xəlifə jurnalistlərə belə açıqlama verib:

“Noyabrın sonuna qədər gözləyə bilərik. Bölgədəki vəziyyət yaxşı və ya pis istiqamətdə çox tez dəyişə bilər. Nə baş verəcəyini görməliyik. Lazım gələrsə, qərar verəcəyik. Zərurət yaranacağı halda turniri birillik müddətə təxirə sala bilərik. Amma hələlik vəziyyəti izləyirik, hazırlıq işləri isə qrafik üzrə gedir”.

Təxirəsalma həqiqətən də az-çox aktualdı. Çünki bəzi iştirakçı ölkələrin nümayəndələri təhlükəsizliklə bağlı narahatlıqlarını bildiriblər. Koreya Peşəkar Futbolçular İttifaqı da AFK-nı idmançılar və azarkeşlər üçün mümkün riskləri nəzərə almağa çağırıb.

“Six Kings’s Grand Slam” dekabrda keçiriləcək

Asiya Kubokunun təşkili ilə bağlı narahatlıqlar Səudiyyə Ərəbistanı ilə paytaxt Səna da daxil olmaqla Yəmənin əhəmiyyətli hissəsinə nəzarət edən yerli husi üsyançıları olan “Ənsar Allah” hərəkatı arasında getdikcə gərginləşən münaqişə ilə əlaqələndirilir. Yeri gəlmişkən, Ər-Riyad 2015-ci ildə bu ölkənin beynəlxalq səviyyədə tanınan hakimiyyətini dəstəkləyən hərbi koalisiyaya rəhbərlik edib.

Bu il bir neçə illik nisbi sakitlikdən sonra hərbi əməliyyatlar yenidən şiddətlənib. Husilər bu ay Səudiyyə Ərəbistanı ərazisinə, o cümlədən paytaxt Ər-Riyad ərazisindəki hədəflərə hücumları gücləndiriblər. Kral Xalid Beynəlxalq Hava Limanına xüsusilə böyük ziyan vurulub: yerli KİV-in məlumatına görə, bombardmanlar nəticəsində azı 17 nəfər həlak olub, 300-dən çox adam yaralanıb.

Eskalasiya artıq futbola da təsirini göstərib. Asiya Çempionlar Liqasının (ÇL) oktyabrın 12-də yerli “Əl-Nəssr” və Özbəkistanın “Neftçi” komandaları arasında keçirilən matçı raket təhlükəsi səbəbindən təxminən bir saat təxirə salınıb. Səudiyyə Ərəbistanı hakimiyyəti oyun başlamazdan qısa müddət əvvəl təhlükə ilə bağlı xəbərdarlıq edib, sonra isə Yəməndən atılan ballistik raketlərin zərərsizləşdirildiyi bildirilib. Həyəcan siqnalının ləğvindən sonra ÇL matçına start verilib. “Əl-Nəssr” “Neftçi”yə 3:1 hesabıyla qalib gəlib, qaliblərin lideri Kriştiano Ronaldo isə qollardan birinin müəllifi olub.

Daxili çempionatla bağlı da problemlər yaranıb. Oktyabrın 13-də Səudiyyə Ərəbistanı pro-liqasının 9-cu turunun üç oyununun təxirə salındığı bəyan edilib. “Əl-Riyad” – “Əl-Hilal” və “Əl-İttifaq” – “Əl-Şəbab” matçları dekabrın 19-na ertələnib, “Əl-Əhli” və “Əl-Nəssr” arasındakı duel isə yalnız 2027-ci il martın 6-da baş tuta bilər. Doğrudu, liqanın məlumatında təxirəsalmalar logistik səbəblərlə əlaqələndirilir. Hər halda təqvimdəki dəyişikliklərlə raket hücumları arasında birbaşa əlaqənin olduğu iddiası təsdiqlənməyib.

Husilərin hücumları digər idman tədbirlərinə də təsir edib. Novak Cokoviç, Karlos Alkaras və Aleksandr Zverevin iştirakıyla oktyabrın 21-24-ü aralığında təşkili nəzərdə tutulan “Six Kings’s Grand Slam” sərgi xarakterli tennis turniri dekabra ertələnib. Ali futbol təşkilatı isə kiberfutbol üzrə 16-25 oktyabr tarixində Ciddədə keçirilməsi planlaşdırılan “FIFAe Finals” yarışını təxirə salmalı olub. Yeni tarix isə hələlik açıqlanmayıb.