Bekhem İnfantino üçün real təhlükə ola bilər?

“Mançester Yunayted”in əfsanəsi və “İnter Mayami”nin həmtəsisçisi Devid Bekhem FİFA-nın prezidenti vəzifəsinə namizəd ola bilər.

“Sky Sport” 51 yaşlı ingilisi 2027-ci ilə təyin olunan seçkilərdə ali futbol qurumunun hazırkı rəhbəri Canni İnfantino üçün real təhlükə hesab edir.

Layihəsi İnfantinonu nüfuzdan salıb

FİFA-nın ali kürsüsünə seçkilər təşkilatın gələn il martın 18-nə təyin olunan Mərakeşin Rabat şəhərində keçiriləcək konqresinə təsadüf edəcək. 2016-cı ilin fevralından dünya futboluna rəhbərlik edən İnfantino yenidən seçilmək niyyətindədi. Lakin onun namizədliyi heç də bütün ölkələr tərəfindən dəstəklənmir.

İsveçrəli funksionerdən narazılıq onun yeni və baş tutmayan layihəsindən sonra daha da artıb. O, bu yay “FIFA Forward Enterprise” layihəsini irəli sürmüşdü. Bu təşəbbüs xüsusi sərmayədarların kişi və qadınlar arasında dünya çempionatının kommersiya hüquqlarında 20 faizə qədər pay əldə etməsini nəzərdə tuturdu. FİFA sonradan UEFA, KONKAKAF və KONMEBOL da daxil olmaqla dünya futbol ictimaiyyətinin böyük təzyiqini nəzərə alaraq layihədən imtina etdi.

Buna baxmayaraq, UEFA-nın İnfantinonun postundan uzaqlaşdırmağa çalışdığı, ona təzyiqləri müxtəlif futbol təşkilatları vasitəsilə getdikcə artırdığı heç kimə sirr deyil. Təzyiq getdikcə artdığından İnfantino dünya futbol ictimaiyyətindən üzr istədi. O, hətta FİFA Şurasının oktyabrın 15-də keçirilən iclasında belə vacib qərarı assosiasiya nümayəndələri ilə əvvəlcədən müzakirə etmədiyinə görə yenidən üzrxahlıq etməli oldu. Ancaq çoxsaylı tənqidçiləri onu bağışlamadılar.

Almaniya Futbol İttifaqının prezidenti Bernd Noyendorf FİFA rəhbərliyinin dəyişməli olduğunu açıq bildirir. “Sky Sport” ondan belə sitat gətirib:

“Biz bu vəzifəyə sadiq qalırıq. Məqsədimiz FİFA-nın rəhbərliyində fərqli bir adam görməkdi. Əlbəttə, bu, alternativ bir namizəd irəli sürməyi tələb edir. Şübhəsiz ki, bizə FİFA-nın itirdiyi nüfuzunu bərpa edə biləcək dürüst bir rəhbər lazımdı”.

İngiltərə Premyer-Liqasının icraçı direktoru Riçard Masters də İnfantinonu postundan getməyə çağırıb:

“Problemi FİFA yaradıb, bu təşkilat özünü yaralayıb. “FIFA Forward Enterprise” layihəsinin pis ideya olduğunu hesab edirəm və İngiltərə Futbol Assosiasiyası Canni İnfantinoya münasibətdə düzgün mövqe tutdu. Onun postunu tərk etməli olduğunu düşünürəm? Hə. Məncə, İnfantinonun yerini tutmağa can atan namizədin proqramında FİFA-da və ola bilsin ki, bu təşkilatın prezidenti rolunda islahat nəzərdə tutulmalıdı”.

Niyə Bekhem?

Gələk əsas məsələyə. Ortaya təbii sual çıxır: İnfantino seçkidə yenə rəqibsiz qalacaq? Axı o, iki dəfə bu yolla, alternativsiz əsasda postunu qoruyub. Amma yox, bu dəfə belə olmayacaq. “Sky Sport”un əməkdaşları Bekhemi prezidentliyə potensial namizədlərdən biri kimi göstərirlər. MY, “Real”, “Milan” və PSJ-nin keçmiş yarımmüdafiəçisi futbol aləmindən çox-çox kənarda da tanınır. Bundan əlavə, o, futbolçu karyerasını başa vurandan sonra özünü uğurlu biznesmen kimi sübut edib. 2018-ci ildə “İnter Mayami”nin həmtəsisçisi rolunda çıxış edib. ABŞ klubu yenicə qurulmasına baxmayaraq, artıq daxili və beynəlxalq turnirlərdə bir neçə kubok qazanıb. Bu planda klub rəhbərliyinin yürütdüyü transfer siyasəti diqqətəlayiqdi. Zarafat deyil, Lionel Messi, Luis Suares, Xordi Alba və Serxio Buskets kimi dünya miqyaslı futbolçular artıq 8 yaşlı “İnter Mayami”nin formasını geyib!

“Sky Sport” həmçinin Bekhemin maliyyə imkanlarını da qeyd edir. O, seçki kampaniyasını öz sərvəti ilə maliyyələşdirə bilər. Bundan başqa, heç kim onun FİFA-nın hesabına daha da varlanmaq istəməsindən şübhələnməzdi. Məqalədə belə yazılır:

“O, sabiq futbolçu, uğurlu iş adamıdı və beynəlxalq arenada olduqca geniş əlaqələri var. Onun uğurları İnfantino üçün ciddi təhlükə yarada bilər. Ser Devid Bekhem artıq “Cəngavər” tituluna layiq görülüb. O, artıq dünya futbolunu dəyişməyə qadirdi”.

Doğrudu, səbəbkar hələlik məlum mövzuda heç bir açıqlama verməyib. Qeyd edək ki, sabiq futbolçu seçkidə iştirak hüququ üçün FİFA-nın üzvü olan azı 5 milli futbol qurumunun dəstəyini almalıdı. Ali posta namizədliyin irəli sürülməsi üçün son tarix isə noyabrın 18-i müəyyən edilib.

Venger prezident olmaq istəmir

Maraqlıdı ki, “Arsenal”ın sabiq çalışdırıcısı Arsen Vengerin adı İnfantinoya potensial rəqib kimi hallanırdı. “The Times” qəzetinin yazdığına görə, əleyhdarları 76 yaşlı fransızı prezidentlik uğrunda mübarizəyə razı salmağa çalışırdılar. Bu, rəqib üçün mükəmməl seçim kimi görünürdü: London klubunda uzun illər uğurlu fəaliyyəti ilə tanınan Venger böyük nüfuza malikdi. Üstəlik, FİFA-da iş təcrübəsi də var: 2019-cu ildən təşkilatın Qlobal Futbolun İnkişafı şöbəsinin direktoru vəzifəsini yerinə yetirir.

Lakin “The Guardian” qəzetinin yazdığına görə, artıq Venger namizəd olmaq istəmədiyini bildirib. Dünyanın üç regionunun rəhbərləri – UEFA-nın prezidenti Aleksander Çeferin, KONKAKAF-ın rəhbəri Viktor Montalyani və Asiya Futbol Konfederasiyasının prezidenti Salman bin İbrahim Əl-Xəlifə də namizədliyini irəli sürmək niyyətində deyillər.

Yeri gəlmişkən, onların imtinasından sonra artıq İnfantinonun bir potensial rəqibi var. İsveçrə yığmasının və “Tottenhem”in sabiq oyunçusu Ramon Veqa oktyabrın əvvəlində seçkidə iştirak etmək niyyətini rəsmən bəyan edib. O, FİFA-nın hazırkı rəhbərliyinin futbolu “reanimasiya” vəziyyətinə saldığını və bu sahənin xilasa ehtiyac duyduğunu bildirib.