Vətəndaş “Bravo” supermarketindən aldığı sendviçin çəkisinin qablaşdırmada göstəriləndən az olduğunu iddia edir. Onun sözlərinə görə, məhsulu tərəzidə çəkərkən qablaşdırmada 180 qram qeyd olunmasına baxmayaraq, ümumi çəkisinin 164 qram olduğunu görüb. O, qiyməti 3,39 manat olan məhsulun çəkisində təxminən 10 faizlik fərq olduğunu bildirib.
Bəs bu cür halların qarşısını almaq üçün hansı nəzarət mexanizmləri tətbiq olunmalıdır? Məhsulun çəkisinə görə məsuliyyət istehsalçının, yoxsa satış məntəqəsinin üzərinə düşür?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, hər bir məhsulun çəkisində müəyyən müsbət və ya mənfi fərqlər yarana bilər:
"Bu, istifadə olunan qurğudan, temperaturdan və digər amillərdən asılıdır. Ölçmə standartlarında bunun neçə faiz təşkil etdiyini dəqiq bilmirəm, lakin mənim bildiyimə görə, 10 faiz çox böyük fərqdir. Adətən bu göstərici 1–5 faiz arasında olur. Bütün hallarda bu məsələyə görə satıcı məsuliyyət daşıyır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna əsasən, istehlakçı hüquqlarının pozulması ilə bağlı məsələlərdə satıcının məsuliyyəti nəzərdə tutulur. Vətəndaş məhsuldan istifadə etməyibsə və onu geri qaytarmaq istəyirsə, satış yerinə müraciət edərək malı qaytara və ödədiyi pulun tam məbləğini geri ala bilər. Eyni zamanda, iradını da bildirməlidir. Əgər onun tələbi yerinə yetirilməzsə, 012 599 76 00 nömrəsi ilə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edə bilər. Bu halda qurum məsələni araşdırmalıdır".