80-dən sonra prezident seçilənlər…

Braziliyada prezident seçkisi başa çatdı. Oktyabrın 25-də keçirilmiş ikinci turda dövlət başçısı, Əməkçilər Partiyasının qurucusu Luis İnasiu Lula da Silva 51,79 faiz səslə qalib gəldi.

2003-2010-cu illərdə prezidentlik etmiş Luis İnasiu Lula da Silva 2018-2019-cu illərdə korrupsiya ittihamı ilə həbsdə olub, 2021-ci ildə onun barəsindəki məhkumluq hökmləri ləğv edilib, 2022-ci ildə yenidən dövlət başçısı seçilib.

Lula da Silva 1945-ci il oktyabrın 27-də anadan olub. Sabah onun 81 yaşı tamam olur. Yeni prezidentlik müddətinə 2027-ci il yanvarın 5-dən başlayacaq.

Medianews.az bildirir ki, dünyada 80 yaşını keçəndən sonra prezident seçilən siyasətçilərin sayı çox olmasa da, hər halda var. Onların bəzisi ümumxalq səsverməsi, bəzisi parlamentdəki səsvermə ilə prezident postuna seçilib, bəzisi isə, geniş yayılmış iddalara əsasən, seçkini saxtalaşdırmaqla posta yiyələnib.

Əl-Baci Qaid əs-Səbsi

2014-cü il dekabrın 21-də Tunisdə keçirilən prezident seçkinin ikinci turunda qalib gələndə Əl-Baci Qaid əs-Səbsi 88 yaşında idi. O, demokratik yolla ölkə prezidenti seçilən ən yaşlı şəxs kimi Ginnesin Rekordlar Kitabına da düşüb.

Tunisin müasir tarixində azad seçki ilə hakimiyyətə gəlmiş ilk prezident sayılan Əs-Səbsi 2019-cu il iyulun 25-də 92 yaşında vəfat edib.

Corco Napolitano

İtaliya parlamentinin 2006-cı ildə 80 yaşında ölkə prezidenti seçdiyi Corco Napolitano 2013-cü ilin aprelində ikinci müddətə bu posta seçiləndə 87 yaşında idi.

İtaliya Respublikasının tarixinə ikinci müddətə prezident seçilmiş ilk dövlət başçısı kimi düşən Corco Napolitano 2015-ci il yanvarın 14-də istefaya gedib.

Robert Muqabe

Robert Muqabe 2013-cü ildə Zimbabvedə növbəti şübhəli prezident seçkisinin qalibi elan olunanda 89 yaşında idi. Bu seçki ona 33 il rəhbərlik etdiyi ölkədə daha beş il müddətinə prezident postunda oturmaq imkanı verirdi.

Lakin seçkinin nəticələri qalmaqala səbəb oldu. Müxalifət seçkinin saxtalaşdırıldığına təkid etdi. Muqabe 2017-ci ildə istefa vermək məcburiyyətində qaldı. İki il sonra o, 95 yaşında vəfat etdi.

Pol Biya

Pol Biya 1982-ci ildən Kamerunun prezidentidir.

2025-ci ilin oktyabrında keçirilən seçkidə o, yenidən qalib elan olunub. Həmin seçkinin rəsmi nəticələri bəyan ediləndə Pol Biyanın 92 yaşı var idi.

Müxalifət seçkinin nəticələrinə etiraz etsə də, 93 yaşlı Pol Biya hələ də postunu qoruyur.