Cökə ağacı, payız və mən

Payız xəbər göndərdi, oxudum damcı-damcı:

”Görüşünə gələcəm, əynimdə də narıncı”.

Bütün rənglər gözəldir, hərəsinin öz yeri var. Amma bir rəng var ki, mən onu digərlərindən fərqləndirməyə bilmirəm. Bu, mavi rəngdir. İndi— bu sətirləri yazdığım dəqiqələrdə səmanın boyandığı parlaq mavi rəng. Yəqin, bu rəng məni ona görə daha çox cəlb edir ki, o həm səmanın, həm də dənizin — suyun rəngidir. Mənə görə ən gözəl fon rəngi də mavi rəngdir.

Payızda səmanın mavi rəngi daha parlaq, daha tünd olur. İndi olduğum yerdən qarşıdakı mənzərəyə baxıram: qonşu bağdakı masmavi səmanın fonunda daha gözəl görünən çökə ağacının konusvari təpəsi yenə tablo kimi dayanıb qarşımda. Bu ağac il-on iki ay gözlərimin qarşısındadır. İllərdir ki, onun hər halını izləyirəm: ilk baharda tumurcuqlayır, hər gün yaşıl rəngin açıq çalarlarından ta öz yaşılına qədər bir az yaşıllaşır. Bir müddət sonra çiçəklənir, elə bil üstü sarı zərli yaşıl don geyinir. Hərdən külək əsəndə budaqları sarı köpüklü yaşıl dalğalara bənzəyir. Ətri bürüyür aləmi. Üstü dolur bal arıları ilə. Yay boyunca üstü yamyaşıl olur. Elə ki payız gəldi, yarpaqlar yavaş-yavaş saralmağa başlayır. Çökə ağacı mavi səmanın fonunda məhz bu paltarında daha gözəl görünür mənə.

İndi hələ yaşıl donuna bir neçə yerdən sarı bəzəklər vurub. Bir xeyli sonra narıncıya bürünəcək. Külək əsdikcə kəpənəyə bənzəyən toxumları havada fırlana-fırlana yerə enəcək və mən onları gördükcə uşaqlığımı xatırlayıb xiffətlənəcəyəm... Burnuma yanan xəzəlin qoxusu gələcək... Yadıma düşəcək ki, bağ-bağçanı gəzəndə onları götürüb havaya atardım və fırlana-fırlana enməsinə tamaşa edib sevinərdim...

Hərdən düşünürəm, görəsən, niyə payızı bu qədər xoşlayıram. Çoxlu səbəblər tapıram. Yəqin, onların ən birincisi budur ki, payızda bütün fəsillərdən nəsə var. Payızın bahardakı kimi cücərən yamyaşıl, körpə otları var, yenidən qönçələnib açılan qızılgülləri var. Yaydakı kimi isti, günəşli günləri var. Qışda olduğu kimi qarlı-qırovlu, sazaqlı-şaxtalı havaları var. Payız həm uşaq kimi şıltaqdır, həm gənclik kimi coşqundur, həm ahıl kimi dolğun və təmkinlidir, həm qoca kimi bir az qəmli və kövrəkdir.

Payız bütün halları ilə sirli, gözəl və cazibədardır. İnsan duyğularına hökm edə biləcək qədər gözəl və cazibədar...