''Fənər'' Kartal ilə derbilərdə üstündü!

Türkiyə çempionatında bu tur böyük derbi var. Bazar ertəsi ''Qalatasaray'' evdə ''Fənərbaxça''nı yenərək xal fərqini 6-ya yüksəltməyə çalışacaq.

Son illərdəki derbilərdə hər nə qədər ''Cim-Bom''un üstünlüyü gözə dəysə də, ''Fənər'' İsmayıl Kartalın başçılığı altında keçirdiyi derbilərdə diqqətçəkən nəticələr əldə edir. ''Sarı-lacivərdlilər'' 65 yaşlı mütəxəssisin dönəmində indiyə qədər əzəli rəqibə qarşı 5-i superliqada, 2-si ölkə kubokunda olmaqla keçirdiyi 7 rəsmi oyundan 4 qələbə, 1 heç-heçə, 1 məğlubiyyətlə ayrılıb. 2024-ün aprelində ''Fənər''in meydandan çəkildiyi və ''Qalatasaray''ın texniki qələbə qazandığı qarşılaşmada ''sarı-lacivərdlilər''in başında Kartal yox, onun köməkçisi Zəki Murat Gölə yer almışdı.

Sonuncu dəfə Kartal ''Qalatasaray''a qarşı derbidə 2024-ün mayında ''Fənər''in başında yer alıb və həmin vaxt onun komandası səfərdə 1:0 qalib gəlmişdi. Ümumilikdə ''Fənərbaxça'' Kartal ilə ''Qalatasaray'' və ''Beşiktaş''a qarşı keçirdiyi 11 superliqa matçından 7 qələbə, 2 heç-heçə, 2 məğlubiyyətlə ayrılıb.