BMT-nin Sivilizasiyalar Alyansının nümayəndəsi Nihal Saad çıxışında Bakıda olmaqdan məmnunluğunu ifadə edib. O bildirib ki, bu il təşkilatın təşəbbüsü ilə keçirilən beynəlxalq tədbirlərin konsepsiyasının qəbulundan 15 il ötür.
N.Saad qeyd edib ki, UNESCO və BMT-nin müxtəlif qurumları ilə əməkdaşlıq nəticəsində qlobal dialoq platforması daha da güclənib. Onun sözlərinə görə, bu platforma sosial və dini müstəvilərdə dialoqun inkişafına töhfə verir.
O, forum çərçivəsində üç əsas komponentin nəzərdə tutulduğunu, bunlara plenar sessiyalar, dialoq və fəaliyyət istiqamətləri üzrə yol xəritəsinin müzakirəsinin daxil olduğunu bildirib.
N.Saad, həmçinin BMT-nin Sivilizasiyalar Alyansının məzunları arasından 60-dan çox gəncin tədbirə dəvət edildiyini diqqətə çatdırıb. Onların təqaüd proqramları çərçivəsində qazandıqları təcrübə və əldə etdikləri nəticələr barədə danışacaqları qeyd olunub.
Forum çərçivəsində “Bəşəriyyət birdir” adlı konsert proqramının da təşkil ediləcəyi bildirilib. Proqramda görkəmli musiqiçilərin süni intellekt vasitəsilə səhnədə təqdim olunması nəzərdə tutulur.