Patrik Züskindin "Parfümer" və Viktor Hüqonun “Paris Notr-Dam kilsəsi” romanlarını oxuyanlar yəqin, fikir veriblər: Jan-Batist Qrenuyun körpə ikən kilsənin kandarına atılması səhnəsi demək olar ki, birə-bir Kvazimodo ilə bağlı eyni epizodu xatırladır. Hətta bəzi xırda detallar da tam üst-üstə düşür.
Kvazimodo ilə Qrenuy xarakter olaraq da oxşayırlar. Hər ikisi əvvəlcə “iblisin övladı” hesab edilsə də, baş keşiş onlara qahmar çıxır. Qrenuy 3 əsr sonranın Kvazimodosudur.
Züskindin romanın əvvəlində 18-ci əsrin Parisini necə təsvir etməsi Hüqonun qotik-naturalist tərzini çox xatırladır.
“Qrenuy” adının “Notr-Dam”ın əsas qəhrəmanlarından olan Pyer Qrenquarı xatırlatması da əlbəttə, təsadüfi deyil.
Sözsüz ki, Züskind “Parfümer”i yazarkən Hüqodan gen-bol şəkildə nəinki ilhamlanıb, hətta bəhrələnib. Amma bir vacib məqam: “Parfümer”in sonluğu zəif və mənasızdır. Bəlkə də postmodern əsər belə tələb edir, amma mən oxucu kimi mütaliə edəndə janrı yox, əsəri düşünürəm. Ona görə yazıçı mənə gözəl sonluq da təklif etməyi bacarmalıdır (hətta borcludur!).
Züskind bunu bacarmayıb. Hüqonun isə əsərin sonuna yaxınlaşanda Şekspirdən ilhamlandığı göz qabağındadır: “Paris Notr-Dam kilsəsi” öz finalına “Romeo və Cülyetta”nın sxemi ilə gedir. Həm Romeo, həm də Kvazimodunun məlumatsız olduqları üçün verdikləri qərarlar faciəyə gətirir. Hər iki əsərdə məlumatsızlıq üzündən qəbul olunan yanlış qərar süjetin pik nöqtəsidir. Rahib Lorensonun Romeoya göndərdiyi məktub vaxtında çatmır. Kvazimodo isə kar olduğu üçün elə bilir ki, Esmeraldanı xilas etməyə gələn izdiham onu öldürmək istəyir.
Sonda eyni qəbirdə qovuşmaq da hər iki əsərin birləşdiyi nöqtədir. Hüqo Şekspirin motivini daha da qotik, qaranlıq və dramatik formaya salıb.
Bu yerdə aydın olur ki, Hüqo oxucuya Kvazimodonun elə Romeo olduğunu demək istəyir. Bunu başa düşmək oxucunun şəxsi qələbəsidir. Oxucu ədəbiyyat dünyasının daxilindəki ot basmış cığırları kəşf etdiyi üçün xoşbəxt olur.
Nəticə: Klassikanı mütləq oxuyun. Təməl əsərləri oxumaq vacibdir. “Romeo və Cülyetta”nı oxumadan “Paris Notr-Dam kilsəsi”ni, ikincini oxumadan isə “Parfümer”i (eləcə də yüzlərlə, hətta minlərlə digər əsəri) başa düşmək mümkün deyil.
Bəli, müasir dövrdə peşəkar oxucu olmaq asan deyil. Hərçənd, çətin də deyil: şərti olaraq “təməl əsər” deyə biləcəyimiz əsərlərin sayı haradasa 100-ə yaxındır, düzgün mütaliə həyatı qurulsa, bunları 30-35 yaşa qədər oxuyub bitirmək olar. Ondan sonra isə mütaliədən həyatda heç bir başqa həzz ilə müqayisə olunmayacaq zövq alacağınız şübhəsizdir.
Bir insanın özünə ən böyük hədiyyəsi oxucu statusu ola bilər.
Üstəllik, bonus kimi Kəramət Böyükçöl ilə Rövşən Abdullaoğölunun niyə yazıçı olmadıqlarını da başa düşəcəksiniz.
Təkcə onların da yox...
Vüsal Məmmədov
AzVision.az saytının baş redaktoru