Qlobal yanacaq bazarında qıtlıq var - Ehtiyatlar azalıb

Dünyada neft məhsulları tədarükündəki zəiflik 2027-ci ilə qədər davam edəcək.

Belə bir proqnozu ABŞ-nin “Goldman Sachs” bankı verib.

Bank qeyd edir ki, Asiyada, xüsusilə dizel və reaktiv mühərrik yanacağı (aviayanacaq) üzrə əsas tədarükçülər hesab olunan Hindistan və Cənubi Koreyada profilaktik təmir işlərinin artması 2027-ci ilin ikinci rübündə məhsul ixracının azalmasına səbəb ola bilər.

Dünyanın əsas qovşaqlarında yanacaq ehtiyatları aşağı səviyyədə qalmaqda davam edir və bu hal tədarükdə yarana biləcək əlavə kəsintilərə qarşı məhdud bir sığorta (bufer) imkanı yaradır.

Qurumun qənaətinə görə, Fars körfəzindən yanacaq ixracının yavaş sürətlə bərpa olunması da qiymətləri artırır. Gəmidən gəmiyə edilən transferlər isə xam neft axınına müsbət təsir göstərir.

Lakin bu cür daşıma mexanizmlərini neft məhsullarına tətbiq etmək xeyli çətindir. Çünki bu məhsulların tezalışma qabiliyyəti daha yüksəkdir, texniki xüsusiyyətləri dəyişkəndir və buna görə də onların Fars körfəzindən kənarda transfer edilməsi daha mürəkkəb prosesdir.